"İki qardaş ölkə arasında tərəfdaşlıq daha da dərinləşir" - POLİTOLOQ DANIŞDI

29 İyun 2026 16:18 (UTC+04:00)

"Azərbaycan və Türkmənistan arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq uğurla inkişaf etməkdədir. Bu əməkdaşlıq iqtisadi, siyasi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir. İki dövlət arasında münasibətlərin yüksək səviyyədə olması hər iki ölkənin milli və dövlət maraqlarına tam uyğundur".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkmənistanla Xəzər dənizi vasitəsilə qonşudur və ölkəmiz bütün qonşuları ilə olduğu kimi, Türkmənistanla da siyasi və iqtisadi münasibətlərin inkişafında maraqlıdır. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi bu münasibətlərə əlavə dinamika qazandırır:

"Bu baxımdan Azərbaycan–Türkmənistan əməkdaşlığı türk dünyasının inteqrasiyasına və gələcək birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verir.

İki ölkə arasında iqtisadi, siyasi, mədəni, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi xalqlarımızın daha da yaxınlaşmasına, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Türkmənistanın Azərbaycanla strateji əməkdaşlıqda maraqlı olmasının əsas səbəblərindən biri də Orta Dəhliz layihəsidir. Türkmənistan üzərindən gələn yük axınlarının Azərbaycan vasitəsilə Avropaya daşınması hər iki ölkə üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət daşıyır.

Eyni zamanda, Azərbaycan və Türkmənistan dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Onların istər Azərbaycanda, istər Türkmənistanda, istərsə də beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri mütəmadi görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.

Azərbaycan Prezidenti həm qonşu dövlətlərlə, həm də beynəlxalq platformalarda Türkmənistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir. Türkmənistanın dövlət rəhbərləri və digər rəsmi nümayəndələri ilə keçirilən görüşlərdə müxtəlif istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılır, əldə olunan razılaşmalar isə gələcəkdə əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır".