"Ailə institutunun zəifləməsi əhalinin artım tempini azaldır"

29 İyun 2026 14:50 (UTC+04:00)

"Müasir Azərbaycan cəmiyyətində boşanma ən aktual sosial problemlərdən biri hesab olunur. Aparılan müşahidələr və mövcud statistik göstəricilər boşanmaların son illərdə artan tendensiya üzrə inkişaf etdiyini göstərir".

Bu fikirləri SİA-ya açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcə elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, sosioloq Ağasəlim Həsənov bildirib.

Onun sözlərinə görə, boşanmaların baş verməsinə təsir edən bir sıra amillər mövcuddur:

Bunlardan biri zərərli vərdişlərdir. Xüsusilə narkomaniya və alkoqolizm ailədaxili münasibətlərə ciddi mənfi təsir göstərərək boşanmalara səbəb olan əsas amillər sırasında yer alır. Digər mühüm səbəblərdən biri ailədaxili zorakılıqdır. Ailədə sağlam sosial-psixoloji mühitin olmaması, tərəflər arasında yaranan münaqişələr və zorakılıq halları bir çox ailələr üçün boşanmanı çıxış yolu kimi göstərir.

Bundan əlavə, davamlı və kəskin ailədaxili münaqişələr də boşanmaların artmasına təsir edən əsas səbəblərdəndir. Yeni ailə quran cütlüklərin şəxsi həyatına yaxın qohumların həddindən artıq müdaxiləsi, ailədaxili qərarların qəbul edilməsinə təsir göstərməsi də ailə münasibətlərinin pozulmasına gətirib çıxaran amillərdən biridir.

Boşanma səbəbləri sırasında xəyanət, sevgi və qarşılıqlı bağlılığın zəifləməsi də tez-tez qeyd olunur. Eyni zamanda, informasiya texnologiyalarının sürətli inkişafı və insanların virtual mühitə həddindən artıq bağlanması ailədaxili ünsiyyətin zəifləməsinə, aqressiv davranışların artmasına və nəticədə konfliktlərin yaranmasına səbəb ola bilir.

Sosioloq kimi qeyd etmək istərdim ki, müasir insanın həyat tərzi əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişib. Bu gün bir çox insanlar fərdi azadlığa və şəxsi rahatlığa ailə məsuliyyətindən daha çox üstünlük verirlər. Təəssüf ki, müasir gənclər arasında "evlənməmək də olar" və ya "ailə həyatı qurmadan da yaşamaq mümkündür" kimi düşüncələrin yayılması müşahidə olunur. Bu isə gələcək üçün narahatedici tendensiyalardan biridir.

Ailə institutunun zəifləməsi, boşanmaların artması və ailə qurmağa marağın azalması uzunmüddətli perspektivdə ölkənin demoqrafik inkişafına mənfi təsir göstərə bilər. Çünki ailənin ən mühüm funksiyalarından biri reproduktiv funksiyadır. Ailə institutunun zəifləməsi əhalinin artım tempinin azalmasına, gələcəkdə isə demoqrafik durğunluq və hətta böhran riskinin yaranmasına səbəb ola bilər. Buna görə də ailə institutunun möhkəmləndirilməsi, sağlam ailə münasibətlərinin təşviqi və boşanmalara səbəb olan amillərin aradan qaldırılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır".

Lətifə Abdıyeva