"Azərbaycan Respublikasının xarici siyasət strategiyası qlobal səhnədə və regional müstəvidə baş verən hadisələrin diqqətli analizinə və bu analizlər əsasında verilən qərarlara əsaslanır".
Bu fikirləri SİA-ya açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, siyasi arenada Azərbaycanın tutduğu mövqe və özünü beynəlxalq münaqişələrdən kənarda saxlaya bilmək qabiliyyəti onu göstərir ki, qəbul edilən qərarlar olduqca iti zəkanın, uzaqgörənliyin və milli maraqlara söykənən siyasətin məhsuludur: "Məhz bu yanaşma Azərbaycanı bir çox siyasi və geosiyasi təhdidlərdən sığortalayan əsas amillərdən biri kimi çıxış edir.
Dünyanın istənilən nöqtəsində münaqişəli və yaxud da mübahisəli məsələlər mövcuddur və bu proseslər dövlətlərarası münasibətlərə birbaşa təsir göstərir. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan zaman-zaman müxtəlif siyasi və iqtisadi təzyiqlərlə üzləşsə də, həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu sayəsində bu çətinlikləri uğurla idarə etməyi bacarır. Azərbaycanın müttəfiqlər siyasətini genişləndirməsi, xarici siyasət kursunun bir neçə coğrafiya üzrə paylanmasını təmin etməsi və qlobal səhnədə öz söz sahibi olmasını getdikcə artırması bir çox mühüm məqamlardan xəbər verir.
Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilməsinə, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinə və ölkənin dünya miqyasında mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlətlərarası münasibətlər kontekstində bu yanaşma Azərbaycanın nüfuzunun davamlı şəkildə artmasını təmin edən əsas vasitələrdən biridir.
Azərbaycan Respublikasının xarici siyasəti olduqca uğurludur və bu uğur ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaş və cazibə mərkəzinə çevirir. Bu gün Azərbaycanın bir çox beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsi, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurması və qlobal məsələlərdə mövqeyinin nəzərə alınması da bunun təsadüfi olmadığını bir daha sübut edir".
Lətifə Abdıyeva