"İyunun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı baş tutub. Danışıq zamanı Azərbaycan–İtaliya strateji tərəfdaşlığının inkişafı, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "İtaliya Avropa İttifaqı və NATO-nun aparıcı üzv dövlətlərindən biri kimi Azərbaycanla çox sıx münasibətlərə malikdir. Bu gün Azərbaycan–İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir.
Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlər bu münasibətlərin dinamikasını daha da gücləndirib. İtaliya Prezidentinin Azərbaycana, Azərbaycan Prezidentinin isə İtaliyaya səfərləri ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verib. Eyni zamanda, Azərbaycanın İtaliyada tarixi-mədəni irsin qorunmasına verdiyi dəstək və bu istiqamətdə həyata keçirdiyi layihələr ölkələrimiz arasında etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Bu yaxınlarda Vatikanın yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfəri zamanı da Azərbaycan–Vatikan və Azərbaycan–İtaliya münasibətləri geniş şəkildə müzakirə olunmuşdu.
Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan İtaliyanın əsas təbii qaz təchizatçılarından biridir və enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq iki ölkə münasibətlərinin əsas istiqamətlərindən hesab olunur. Bununla yanaşı, iqtisadi, ticarət və investisiya sahələrində də əməkdaşlıq uğurla inkişaf edir.
Bütün bunlar onu göstərir ki, İtaliya Azərbaycan üçün Avropada mühüm strateji tərəfdaşlardan biridir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərə deyil, həm də Azərbaycan ilə Avropa arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir".