Son illər Azərbaycanda həftəsonlarını ölkə daxilində səyahət etməklə keçirmək tendensiyası xeyli güclənib. İnsanlar artıq bunu sadəcə əyləncə deyil, istirahət və psixoloji rahatlıq üçün bir ehtiyac kimi görürlər. Bu tələbat artdıqca, turizm şirkətlərinin ölkədaxili turlar üzrə təklifləri də genişlənir.
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

O bildirib ki, əgər əvvəllər insanlar həftəsonlarını əsasən qohum və dost ziyarətinə həsr edirdilərsə, indi bu ənənə ilə yanaşı, regionlara qısamüddətli səfərlər də geniş yayılıb. Xüsusilə qeyri-iş və bayram günlərində insanlar istirahət mərkəzlərinə, otellərə və kənd evlərinə üz tutur, bir və ya iki günlük səyahətlərə üstünlük verirlər:
“Bu dəyişiklik dünya turizmində müşahidə olunan ümumi tendensiyanın bir hissəsidir. Əvvəllər insanlar il ərzində uzun müddət çalışıb, bir dəfə uzunmüddətli məzuniyyətə çıxırdılarsa, indi həmin istirahəti il ərzində bir neçə qısamüddətli səfərə bölməyə üstünlük verirlər. Bu yanaşma həm daha rahatdır, həm də insanların gündəlik iş stresindən mütəmadi olaraq uzaqlaşmasına imkan yaradır.
Azərbaycanda da insanlar həftəsonlarını yalnız bağ evlərində və ya qohum ziyarətində keçirməklə kifayətlənmir, eyni zamanda ölkənin müxtəlif bölgələrini kəşf etməyə çalışırlar. Turizm şirkətləri bu tələbatı nəzərə alaraq müxtəlif istiqamətlər üzrə yeni marşrutlar hazırlayır, birgünlük ekskursiyalar, həmçinin bir gecə qalmaqla iki günlük həftəsonu turları təşkil edirlər.
Bu turların populyarlığını artıran əsas amillərdən biri də onların nisbətən münasib qiymətə başa gəlməsidir. İnsanlar həm yeni məkanları tanıyır, həm təbiətdən zövq alır, həm də qısa müddətdə dincələrək gündəlik həyatlarına daha enerjili qayıdırlar.
Son dövrlərdə turizm şirkətləri yeni marşrutlar üzərində də işləyirlər. Xüsusilə işğaldan azad olunmuş ərazilərə təşkil edilən ölkədaxili turlar maraq doğurur. Münasib qiymətlər, rahat nəqliyyat imkanları və zəngin proqramlar bu istiqamətlərə marağı daha da artırır. Nəticədə, qrup şəklində təşkil olunan həftəsonu turları ölkədaxili turizmin inkişafında mühüm rol oynayan və getdikcə daha çox seçilən istirahət formasına çevrilib”.
Ayşən Vəli