“D vitamini uşaqlarda sağlam böyümə və inkişaf üçün ən vacib vitaminlərdən biridir. Bu vitamin kalsium və fosforun bağırsaqlardan sorulmasına kömək edir, sümük və dişlərin möhkəmlənməsində mühüm rol oynayır. Bundan əlavə, əzələ fəaliyyətinin normal saxlanılması və immun sisteminin düzgün işləməsi üçün də D vitamini vacibdir”.
Bu sözləri SİA-ya açıqlamasında həkim pediatr Səbinə Məmmədova deyib.

O bildirib ki, yay aylarında günəş şüalarının təsiri ilə dəridə D vitamini sintez olunur. Lakin yaranan D vitamininin miqdarı hər uşaqda eyni olmur. Uşağın günəşdə qalma müddəti, günün saatı, dərisinin rəngi, geyim tərzi, yaşadığı bölgə və günəşdən qoruyucu vasitələrin istifadəsi bu prosesə təsir göstərir. Buna görə yay mövsümündə belə bəzi uşaqlarda D vitamini ehtiyacının tam qarşılanmaması mümkündür:
”Beynəlxalq pediatrik tövsiyələrə əsasən, sağlam və vaxtında doğulmuş körpələrdə həyatın ilk günlərindən başlayaraq 1 yaşa qədər gündə 400 BV (IU) D vitamini profilaktikası tövsiyə olunur. Bir yaşdan yuxarı uşaqlarda isə gündəlik ehtiyac adətən 600 BV (IU) təşkil edir. Vaxtından əvvəl doğulmuş, bəzi xroniki xəstəlikləri olan və ya D vitamini çatışmazlığı aşkarlanan uşaqlarda dozalar fərqli ola bilər və yalnız həkim tərəfindən təyin edilməlidir.
D vitamini çatışmazlığı uşaqlarda raxit xəstəliyinə, sümük və diş inkişafının pozulmasına, əzələ zəifliyinə, tez-tez xəstələnməyə və böyümənin ləngiməsinə səbəb ola bilər. Buna görə profilaktik tədbirlərin vaxtında aparılması xüsusi əhəmiyyət daşıyır.
D vitamini yalnız preparatlar vasitəsilə deyil, qida məhsullarından da müəyyən qədər qəbul edilir. Yağlı balıqlar, yumurta sarısı, qaraciyər, süd və süd məhsulları D vitamini mənbələri hesab olunur. Lakin qida ilə qəbul edilən miqdar çox vaxt uşağın gündəlik tələbatını tam ödəmir.
Valideynlər nəzərə almalıdırlar ki, D vitamini faydalı olduğu qədər normadan artıq qəbul edildikdə də zərərli ola bilər. Həddindən artıq istifadə qanda kalsium səviyyəsinin yüksəlməsinə, böyrək və digər orqanlarda problemlərə səbəb ola bilər. Buna görə D vitamini preparatları yalnız tövsiyə olunan dozada verilməlidir.
Yay aylarında uşaqların açıq havada aktiv olması, balanslı qidalanması və pediatr nəzarətində profilaktik tədbirlərin görülməsi onların sağlam böyümə və inkişafının əsas şərtlərindən biridir. D vitamini ilə bağlı qərarlar hər bir uşağın yaşı, sağlamlıq vəziyyəti və fərdi xüsusiyyətləri nəzərə alınaraq verilməlidir”.
Ayşən Vəli