Dünya Kubokunun 1/32 final mərhələsinin açılış oyununda Kanada millisi Cənubi Afrika üzərində 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib. Qarşılaşmanın taleyini ikinci hissənin sonlarında Stiven Eustakionun vurduğu qol həll edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qələbə Kanada futbolu üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, "Les Rouges" ləqəbli komanda Dünya Kuboku tarixində ilk dəfə pley-off mərhələsində qalib gəlib. Kanada eyni zamanda turnirə ev sahibliyi edən ölkələrdən biri olsa da, seçmə xarakterli ilk pley-off oyununu xaricdə keçirib.
Görüş ərzində Kanada topa daha çox nəzarət etsə də, Cənubi Afrikanın möhkəm müdafiəsini yarmaqda çətinlik çəkib. Kanadalılar bir neçə təhlükəli epizod yaratsalar da, qol vurmaq uzun müddət mümkün olmayıb. Cənubi Afrika isə sürətli əks-hücumlarla rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradaraq oyunun sonunadək intriqanı qoruyub.
Matçın əlavə vaxtına yaxın Stiven Eustakio boş qalan topu dəqiq zərbə ilə qapının küncünə göndərərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu qarşılaşma Dünya Kuboku tarixində ilk dəfə keçirilən 1/32 final oyunu olub. Turnirin 48 komandaya genişləndirilməsi nəticəsində bu mərhələ ilk dəfə proqramda yer alıb. 1/32 final qarşılaşmaları cümə axşamınadək davam edəcək və sonda 16 komanda növbəti mərhələyə yüksələcək.
Lətifə Abdıyeva