“Maliyyə sektoru ilə bağlı yayılan məlumatların dəqiq formada təqdim edilməsi vacibdir” -EYNAR ABDULLAYEV

29 İyun 2026 11:34 (UTC+04:00)

“Rəqəmsal transformasiya prosesində maliyyə sektoru müəyyən çətinliklərlə üzləşir və bu çətinliklərin aradan qaldırılması üçün media nümayəndələrinin və ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət daşıyır”.

SİA xəbər verir ki , bu sözləri “GoldenPay” şirkətinin nümayəndəsi Eynar Abdullayev “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici tədbirdə deyib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya yalnız iri şirkətlərin, bankların və dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır:

”Bu proses bütün ekosistemin birgə əməkdaşlığını və düzgün məlumatlandırmanı tələb edir.

“Bəzən kiçik görünən problemlər və ya yanlış məlumatlar cəmiyyətdə ciddi narahatlıq yarada bilir. Xüsusilə rəqəmsal maliyyə xidmətləri ilə bağlı yayılan təsdiqlənməmiş məlumatlar vətəndaşlar arasında əsassız qorxu formalaşdırır və bu da sektora olan etimadın azalmasına səbəb ola bilər”

Çıxışda bildirildi ki, rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi üçün maarifləndirmə işlərinin genişləndirilməsi, dəqiq və operativ məlumatların ictimaiyyətə çatdırılması, eləcə də media ilə sıx əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır.
Çıxış zamanı media nümayəndələrinin rəqəmsal maliyyə sahəsində ictimaiyyətin düzgün məlumatlandırılmasında mühüm rol oynadığı vurğulanıb.

Bildirilib ki, maliyyə sektoru ilə bağlı yayılan məlumatların dəqiq və anlaşılan formada təqdim edilməsi böyük əhəmiyyət daşıyır. Qeyd olunub ki, bəzi texniki və hüquqi sənədlər geniş auditoriya üçün çətin başa düşülə bilər. Bu səbəbdən onların sadə dillə izah edilməsi və zərurət yarandıqda əlavə qeydlərlə müşayiət olunması vətəndaşların mövzunu daha düzgün qavramasına kömək edər.

“Qəbul edilən bütün qərarlarda innovasiyanın dəstəklənməsi əsas prinsiplərdən biridir. Onun sözlərinə görə, Azərbaycanda uzun illərdir rəqəmsal maliyyə və innovativ həllərin tətbiqi istiqamətində ardıcıl iş aparılır. Bu sahədə Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və formalaşdırdığı infrastruktur mühüm nəticələr verib”.

Çıxışda vurğulanıb ki, əldə olunan nailiyyətlərin arxasında minlərlə mütəxəssisin və maliyyə sektoru əməkdaşının əməyi dayanır. Sonda media nümayəndələrinə müraciət edilərək innovasiya ilə bağlı mövzuların işıqlandırılmasında dəqiqliyə üstünlük verilməsi, suallar yarandıqda isə rəsmi mənbələrə müraciət olunmasının vacibliyi diqqətə çatdırılıb”.