Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici tədbir keçirilir

29 İyun 2026 10:47 (UTC+04:00)

İyunun 29-da Bakıda “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici tədbir keçirilir.

SİA xəbər verir ki, tədbirdə dövlət qurumlarının, maliyyə sektoru nümayəndələrinin, fintech şirkətlərinin və ödəniş ekosisteminin iştirakçıları bir araya gələrək ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişaf perspektivlərini, həyata keçirilən islahatları və gələcək hədəfləri müzakirə edirlər.

Tədbirin açılış nitqləri Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev, Mərkəzi Bankın nümayəndəsi Fidan Tofidi və “GoldenPay” şirkətinin nümayəndəsi Eynar Abdullayev tərəfindən səsləndirilir.

Daha sonra elektron ticarət sektoru üçün rəqəmsal ödəniş həllərinə həsr olunmuş sessiyada mövcud vəziyyət və gözlənilən yeniliklər barədə təqdimat edilir. Təqdimatçı Zeynal Kərimzadə elektron ticarət sahəsində rəqəmsal ödəniş həllərinin inkişaf istiqamətləri və perspektivləri haqqında məlumat verir.

Tədbir çərçivəsində “Rəqəmsal maliyyə ekosisteminin inkişaf trendləri: Açıq bankçılıq, Ani Ödəniş Sistemi (AÖS), AZQR və kriptoaktivlər” mövzusunda panel müzakirəsi də keçirilir. Panelə Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Namiq Əliyev moderatorluq edir.

Müzakirələrdə Mərkəzi Bankın nümayəndəsi Ramil Mahmudov, “PashaPay” şirkətinin nümayəndəsi İqbal Rüstəmov, Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri Tamerlan Rüstəmov və Rasim Xammədov çıxış edərək rəqəmsal maliyyə ekosisteminin inkişaf tendensiyaları, innovativ ödəniş həlləri, açıq bankçılıq, rəqəmsal ödəniş infrastrukturu və kriptoaktivlərin perspektivləri ilə bağlı fikirlərini bölüşürlər.

Tədbirin əsas məqsədi rəqəmsal maliyyə sahəsində həyata keçirilən yeniliklər barədə ictimai maarifləndirməni artırmaq, maliyyə bazarının iştirakçıları arasında əməkdaşlığı gücləndirmək və ölkədə innovativ maliyyə ekosisteminin inkişafına töhfə verməkdir.