Cüdoçularımız Qran-Prinin ikinci gününü qızıl və bürünc medalla başa vurub

27 İyun 2026 17:49 (UTC+04:00)

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) bütün görüşlərdə inamlı çıxış edərək turnirin qalibi olub. Cüdoçumuz finalda Avstriya təmsilçisi Bernard Faşinqi üstələyərək karyerasında ilk dəfə Qran-Pri turnirində qızıl medal qazanıb.

Hidayət Heydərov (81 kiloqram) isə yeni çəki dərəcəsində ilk medalını əldə edib. Olimpiya çempionu bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisi Eqor Suxoparovu məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, turnirin ilk yarış günündə Əhməd Yusifov (60 kiloqram) bürünc medal qazanmışdı. Bununla da Azərbaycan millisi Sindao Qran-Prisinin ilk iki yarış gününü 1 qızıl və 2 bürünc medalla başa vurub. Millimiz ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalaraq ikinci pillədə qərarlaşıb.