Azərbaycan Ordusu müasir döyüş hazırlığı və peşəkarlığı ilə nüfuzunu artırır

26 İyun 2026 19:48 (UTC+04:00)

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli ordu quruculuğunun başlanğıcı oldu. Bu tarixi qərarla Azərbaycan xalqı öz müstəqil dövlətinin təhlükəsizliyini təmin edəcək nizami ordunun əsasını qoydu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, həmin ordu gələcək nəsillər üçün əsl vətənpərvərlik və dövlətçilik məktəbi yaratdı.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə deyib.

Təşkilat sədrinin sözlərinə görə, 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan ağır sınaqlarla üz-üzə qaldı. Könüllü dəstələr əsasında formalaşdırılan milli ordu kadr çatışmazlığı, maddi-texniki bazanın zəifliyi və peşəkar hərbi hazırlığın yetərsizliyi səbəbindən ciddi çətinliklər yaşayırdı.

Məhz belə mürəkkəb şəraitdə dövlətçiliyimizin qorunması və güclü ordu quruculuğu həyati zərurətə çevrildi: "1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyi təmin etdi, 1994-cü ildə atəşkəsə nail olmaqla ordunun yenidən qurulması üçün əlverişli şərait yaratdı. Həyata keçirilən ardıcıl islahatlar nəticəsində peşəkar zabit korpusu formalaşdırıldı, silah və texnika ilə təchizat gücləndirildi, şəxsi heyətin hazırlıq səviyyəsi yüksəldildi və güclü Azərbaycan Ordusunun təməli möhkəmləndirildi.

Bu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ordu quruculuğuna göstərilən xüsusi diqqət və həyata keçirilən genişmiqyaslı islahatlar öz tarixi nəticəsini 2020-ci ilin 44 günlük Vətən müharibəsində verdi. Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi və xalqımıza Zəfər sevincini yaşatdı. Bu tarixi Qələbə Azərbaycan əsgərinin peşəkarlığının, xalq–ordu birliyinin və güclü dövlət siyasətinin ən parlaq təcəssümünə, qalib ordu kimi tarixə düşərək Türk dünyasının qürur mənbəyinə çevrildi.

Bu gün Azərbaycan Ordusu dünyanın ən nüfuzlu orduları ilə əməkdaşlıq edir, birgə təlimlər keçirir. Ordumuz müasir döyüş hazırlığı, yüksək intizamı və peşəkarlığı ilə nüfuzunu daim artırır".

B.Məmmədzadə qeyd edib ki, Azərbaycanın gücünün əsas dayaqlarından biri xalq–iqtidar–ordu birliyidir. Məhz bu sarsılmaz həmrəylik ölkəmizin ən çətin sınaqlardan uğurla çıxmasına, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etməsinə və tarixi Zəfərin qazanılmasına mühüm töhfə verib. Bu birlik qarşılıqlı etimadın, milli həmrəyliyin və dövlətçilik prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Xalqın dəstəyi, dövlət rəhbərliyinin uzaqgörən siyasəti və ordumuzun peşəkarlığı Azərbaycanın təhlükəsizliyinin və gələcək inkişafının əsas təminatıdır.

"44 günlük Vətən müharibəsində əldə edilən Qələbə bizi arxayınlaşdırmayıb. Hazırda ordu quruculuğu sahəsində islahatlar davam edir, silahlı qüvvələrimiz daha da gücləndirilir. Zənnimcə, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində saxlanılmalıdır. Təhsil müəssisələrində gənclər mərkəzlərində və ümumilikdə cəmiyyətdə Vətən sevgisinin, dövlətçilik dəyərlərinin təbliği, Zəfər tarixini yazan qəhrəmanlarımızla görüşlərin təşkili milli ruhun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki güclü ordunun ən etibarlı dayağı vətənini sevən, onun uğrunda xidmət etməyə hazır olan gənclərdir", - deyə B.Məmmədzadə bildirib.