Müəllimlərin sertifikasiya prosesinin yekun mərhələsi çərçivəsində dünən fiziki tərbiyə müəllimlərinin imtahanı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanda Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Orxan Hüseynli 58 bal toplayaraq yüksək nəticə göstərib. Bu münasibətlə onun imtahanla bağlı təəssüratını öyrəndik.
Sertifikasiya imtahanında yüksək nəticə (58 bal) əldə etməyin qürurverici olduğunu qeyd edən Orxan Hüseynli deyib: “Fəaliyyət göstərdiyin sahə üzrə belə bir uğura imza atmaq, düşünürəm ki, müəllimin özünəinamını artırmaqla bərabər, onun bir pedaqoq kimi peşəkar fəaliyyətini və elmi hazırlığını da tam əks etdirir. Təbii ki, imtahan heç də asan deyildi. Suallar düşündürücü və müəyyən mənada qarışıq idi, namizəddən həm nəzəri bilik, həm də diqqət və məntiqi yanaşma tələb edirdi. Lakin fənn üzrə biliklərə malik olmaq və düzgün vaxt bölgüsü nəticə əldə etməkdə mühüm rol oynayır. Düşünürəm ki, zəhmətin və sistemli hazırlığın bəhrəsini görmək hər bir müəllim üçün ən böyük motivasiyadır. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirir, imtahandan uğurla keçən bütün həmkarlarımı təbrik edirəm”.