Leysan səbəbindən bəzi dağ çaylarından daşqın və sel keçəcək

26 İyun 2026 14:48 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq.

SİA -nın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.

Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.