“26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli ordu quruculuğunun əsası qoyuldu. Lakin Xalq Cümhuriyyətinin süqutu və Sovet Rusiyasının işğalçılıq siyasəti nəticəsində bu proses yarımçıq qaldı. Sonrakı 70 il ərzində Azərbaycan müstəqil hərbi siyasət həyata keçirmək imkanından məhrum oldu”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, Milli ordu quruculuğunun yeni mərhələsi isə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra başladı. Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi böhran və hərc-mərclik səbəbindən vahid ordu formalaşdırmaq mümkün olmamış, silahlı dəstələr ayrı-ayrı şəxslərin maraqlarına xidmət etmişdi. Ordu quruculuğunda əsaslı dönüş isə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi.
Deputat bildirib ki, Heydər Əliyevin milli hərbi kadrların hazırlanmasına yönəlmiş siyasəti hələ sovet dövründə başlamışdı. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı və bu təhsil ocağı gələcək milli zabit korpusunun formalaşmasında mühüm rol oynadı. Eyni zamanda, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almaları üçün geniş imkanlar yaradıldı ki, bu da müstəqillik dövründə Azərbaycan Ordusunun peşəkar kadr bazasının əsasını təşkil etdi.
1993-cü ildən sonra ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra Silahlı Qüvvələrin yenidən formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu, hərbi təhsil sistemi təkmilləşdirildi və 1999-cu ildə Hərbi Akademiya təsis edildi. Bu islahatlar ordunun peşəkarlığının və döyüş hazırlığının yüksəldilməsində mühüm rol oynadı.
Məlahət İbrahimqızının fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchizatı, hərbi infrastrukturun yenilənməsi, müdafiə sənayesinin inkişafı və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Yerli müdafiə sənayesinin inkişafı nəticəsində Azərbaycan müxtəlif növ hərbi texnika, pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı məhsullar istehsal edərək ordunun təminatında mühüm nailiyyətlər əldə etdi.
Deputat vurğulayıb ki, həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan Ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu güc 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərində bütün dünyaya nümayiş etdirildi. Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Məlahət İbrahimqızı qeyd edib ki, bu tarixi Zəfərin əsas amillərindən biri xalq, dövlət və ordunun sarsılmaz birliyi olub. “Dəmir Yumruq” simvolu milli həmrəyliyin və qələbə əzminin rəmzinə çevrilib. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz həmin birliyin və dövlət rəhbərliyinin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir”.