"Türkmənistan və Azərbaycan arasında “Dostluq” tankerinin hədiyyə edilməsi iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni mərhələsinin göstəricisidir. Son dövrlərdə ümumilikdə Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir və bu addım da həmin prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
.jpg)
Politoloqun sözlərinə görə, Xəzər dənizində “Dostluq” adını daşıyan tankerin istismara verilməsi təkcə rəmzi məna daşımır:
"Bu, eyni zamanda Azərbaycan və Türkmənistan arasında logistika, nəqliyyat və enerji infrastrukturu sahələrində əməkdaşlığın daha da genişlənəcəyinin göstəricisidir. Bu layihə hər iki ölkənin regional nəqliyyat və enerji marşrutlarında rolunu gücləndirəcək.
Məlum olduğu kimi, keçmişdə Xəzər dənizinin hüquqi statusu və bəzi enerji layihələri ilə bağlı tərəflər arasında müəyyən fikir ayrılıqları mövcud idi. Lakin qarşılıqlı siyasi iradə və konstruktiv dialoq nəticəsində bu məsələlərin böyük hissəsi həllini tapıb və bu gün ölkələr münasibətlərini qarşılıqlı etimad əsasında inkişaf etdirirlər.
Hazırda əsas diqqət gələcəyə yönəlib. Enerji əməkdaşlığının genişləndirilməsi, logistika imkanlarının artırılması, Orta Dəhliz çərçivəsində yükdaşımaların inkişafı və Xəzər üzərindən nəqliyyat əlaqələrinin gücləndirilməsi hər iki dövlət üçün mühüm strateji əhəmiyyət daşıyır.
Bu prosesdə Azərbaycan və Türkmənistan prezidentləri arasında formalaşmış qarşılıqlı etimad və səmimi münasibətlər də xüsusi rol oynayır. Məhz bu siyasi iradə sayəsində iki ölkə arasında əməkdaşlıq yeni məzmun qazanır və Türk dünyasının inteqrasiyasına, regionda iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Ümumilikdə, “Dostluq” tankerinin hədiyyə olunması təkcə simvolik jest deyil, həm də Azərbaycan ilə Türkmənistan arasında uzunmüddətli strateji əməkdaşlığın və qarşılıqlı etimadın növbəti mühüm təzahürüdür".