Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı və bölgələrdə keçirdiyi növbəti əməliyyat zamanı 46 kiloqram narkotik vasitə və 2087 ədəd psixotrop tərkibli həbi dövriyyədən çıxarıb.
SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat zamanı 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar.
Həmin şəxslərdən 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş, eləcə də yüksək təsirli narkotik vasitə olan kokain, 2087 ədəd psixotrop tərkibli metadon, ekstazi həbi, elektron tərəzilər və narkotiklərin satışından əldə edilən 55 270 manat pul vəsaiti aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.