YAP nümayəndə heyəti Çində səfərdədir

25 İyun 2026 22:05 (UTC+04:00)

Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. SİA xəbər verir ki, nümayəndə heyəti ÇKP Şanxay Partiya Məktəbində seminarların açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən ÇKP Şanxay Partiya Məktəbinin direktorunun müavini Syun Yun Azərbaycan ilə Çin arasında çoxşaxəli əlaqələrin dinamik inkişafı çərçivəsində partiyalararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, seminarların partiya quruculuğu, kadr hazırlığı, səmərəli idarəetmə kimi sahələrdə fikir və təcrübə mübadiləsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən YAP nümayəndə heyətinin rəhbəri, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin müdrik siyasəti sayəsində iki ölkə arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Onun sözlərinə görə, bu prosesdə partiyalararası əlaqələr xüsusi rol oynayır: “Hakim partiyalar - YAP ilə ÇKP arasında qarşılıqlı əlaqələr siyasi dialoqun hərəkətverici qüvvəsidir”.

Çinin modernləşmə və effektiv idarəetmə sahəsindəki təcrübəsinin bütün dünyada maraqla izlənildiyini deyən V.İskəndərov səfərin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyəti “Ənənəvi Çin mədəniyyəti və “Bir kəmər, bir yol” təşəbbüsü: bəşəriyyətin ortaq taleyinin qurulması yolları” və “Pudun rayonunun inkişafı və dünyaya açılması” mövzularında seminarlarda iştirak edib. Həmçinin nümayəndə heyətinin Şanxay şəhərində yerləşən ÇKP-nin 1-ci qurultayının ev muzeyinə ziyarəti təşkil olunub.