Son illərdə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində artan rolu, ərazi bütövlüyünün bərpası və regional gücə çevrilməsi ölkəmizə münasibətdə beynəlxalq siyasi müzakirələrin intensivləşməsinə səbəb olub. Azərbaycanın uğurlarını dəstəkləyən qüvvələrlə yanaşı, xüsusən ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər zamanı Avropanın bəzi siyasi dairələri tərəfindən ölkəmizə qarşı qərəzli və məqsədyönlü siyasi kampaniyaların intensivləşdiyi müşahidə olunur. Bu kontekstdə ən çox adı çəkilən üzdəniraq siyasətçilərdən biri Almaniya Bundestaqının deputatı və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sosial-demokratlar qrupunun rəhbərlərindən olan Frank Şvabedir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Frank Şvabe uzun illərdir Azərbaycana qarşı qərəzli və düşmən mövqeyi sərgiləyən Avropa siyasətçilərindən biridir. Bəllidir ki, Frank Şvabe Azərbaycana təzyiq etmək istəyən dairələrin siyasi sifarişini yerinə yetirir. Xüsusilə də bu sifarişlər erməni lobbisinin nəzarətində olan anti-Azərbaycan qruplaşmalarından gəlir. Müşahidələr göstərir ki, Frank Şvabenin çıxışlarında Azərbaycanla bağlı qərəzli mövqelər ardıcıl xarakter daşıyır. Elə bu baxımdan təsadüfi deyil ki, 2017-ci ildə “European Strategic Intelligence and Security Center” tərəfindən dərc olunmuş “The Armenian Connection” hesabatında bəzi Avropa siyasətçilərinin erməni təşkilatları ilə sıx siyasi əlaqələri barədə fikirlər yer alıb və həmin sənəddə Frank Şvabenin də adı çəkilib. Bu, bir daha onu sübut edir ki, Frank Şvabe əslində demokratiya və insan hüquqları “təəssübkeşi” deyil, əksinə bu dəyərləri Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edən qrupların “piyadasıdır”.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, əslində Frank Şvabe erməni lobbisinə xidmət edən QHT-lərin, bəzi ABŞ konqresmenlərinin və avropalı siyasətçilərin məqsədli şəkildə gündəmə gətirdikləri mövzuları yenidən “çeynəyir”. Bu üzdəniraq siyasətçi dövlət çevrilişində ittiham olunan Əli Kərimlini, bu gün müxalifətin və QHT sektorunun Avropaya bağlı qruplarının da lənətlədiyi, konkret cinayət əməllərinə görə həbs olunmuş Anar Məmmədlini, Əfqan Sadıqlını, Akif Qurbanovu və digər əlaltılarını, agentlərini müdafiə edir. Məqsəd əlbəttə ki, adları çəkilən şəxslərin onlar üçün əhəmiyyəti ilə bağlı deyil. Əsas niyyətləri öz çirkin məqsədlərini həyata keçirmək üçün Azərbaycana təzyiq etməkdən ibarətdir. Frank Şvabe kimilərin yanaşması subyektiv, qərəzli, selektiv və siyasi motivlidir. Əlbəttə, bu məqamda sual olunur: Əgər insan hüquqlarının müdafiəsi beynəlxalq təşkilatların əsas missiyasıdırsa, niyə bu prinsiplər bütün dövlətlərə eyni meyarlarla tətbiq olunmur? Hansı səbəbdən AŞPA və Frank Şvabe kimi bədnam siyasətçilər Avropanın daxilindəki problemləri görməzdən gəlirlər? Niyə onlar unudurlar ki, Avropa ölkələrinin özündə insan hüquqları və demokratiya sahəsində ciddi problemlər mövcuddur. Xüsusilə də, beynəlxalq təşkilatların son illərdə dərc etdikləri hesabatlarda Avropada hüququn aliliyinin zəifləməsi, məhkəmə sisteminə siyasi təsirlər, ifrat sağçı ekstremizmin güclənməsi, islamofobiya, antisemitizm, miqrantlara qarşı ayrı-seçkilik, jurnalistlərin fəaliyyətinə məhdudiyyətlər qoyulması, etiraz aksiyalarına sərt polis müdaxilələri xüsusi qeyd olunur. “Human Rights Watch”, “Amnesty International” və “Civil Liberties Union for Europe” kimi təşkilatların hesabatlarında Almaniya, Fransa və digər ölkələrdə bu problemlər geniş şəkildə sənədləşdirilir. Xüsusilə Frank Şvabenin vətəni olan Almaniyada müsəlmanlara qarşı nifrət cinayətlərinin artması, ifrat sağçı qrupların fəallaşması, miqrantların hüquqları ilə bağlı narahatlıqlar, polis zorakılığına dair iddialar müxtəlif beynəlxalq hesabatlarda öz əksini tapır. Məsələn, 2026-cı ildə “Civil Liberties Union for Europe” təşkilatının hesabatında bəzi Avropa hökumətlərinin hüququn aliliyini sistemli şəkildə zəiflətdiyi bildirilir. Bu faktlar göstərir ki, demokratiya və insan hüquqları ilə bağlı problemlər Avropanın özündə daha dərin kök salıb. Belə olan təqdirdə AŞPA niyə susur? Frank Şvabe niyə öz hökumətini tənqid etmir?.
Milli Məclisin deputatı qeyd edib ki, Frank Şvabe kimi üzdəniraq siyasətçilərin qərəzli mövqeyi AŞPA-nın legitimliyini də tam sual altına salır. Çünki dünya ictimaiyyətində artıq belə bir təsəvvür formalaşıb ki, AŞPA ancaq siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib, onun Avropa institutlarının inkişafına və problemlərinin həllinə real dəstəyi yoxdur. Halbuki beynəlxalq təşkilatların nüfuzu onların obyektivliyi ilə birbaşa bağlıdır. Əgər insan hüquqları pozuntuları yalnız müəyyən dövlətlərə münasibətdə süni olaraq sərt şəkildə gündəmə gətirilirsə, digər eyni məzmunlu mövcud hallara isə daha loyal münasibət göstərilirsə, o zaman bu, həmin institutların qərəzli olmasını təsdiq edir. Görəsən, bu qurumlar otuz ilə yaxın davam edən işğal dövründə bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasında, şəhərlərimizin və kəndlərimizin dağıdılmasına, dini və mədəni abidələrimizin məhv edilməsinə niyə susurdular? Axı, həmin dövrdə beynəlxalq institutlar bu humanitar problemlərə indiki qədər həssas yanaşmamışdılar. Bəs necə oldu ki, birdən-birə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Frank Şvabe hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırışlar etdi, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirdi, AŞPA isə Qarabağ ermənilərinin hüquqları haqqında danışmağa başladı? Bəs, onlar 30 il davam edən işğal dövründə harada idilər? Niyə səsləri çıxmırdı? Yaxud da ki, Ermənistan daxilində baş verən siyasi hadisələrə, insan hüquqlarının pozulmasına, seçkilər dövründə namizədlərin həbsinə, güllələnməsinə, seçkilərin saxtalaşdırılmasına, jurnalistlərə qarşı cinayət işlərinə, etiraz aksiyalarına polis müdaxilələrinə nə üçün göz yumurdular?
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, demokratiya və insan hüquqları universal dəyərlərdir. Bu prinsiplərin yalnız müəyyən ölkələrə münasibətdə sərt, digərlərinə münasibətdə isə daha yumşaq tətbiq olunması beynəlxalq institutların etibarlılığını sıfıra endirir. Frank Şvabe kimi qaragüruhçu siyasətçilərin qərəzli yanaşması, indiki halda AŞPA kimi beynəlxalq təşkilatların isə siyasi sifarişlərin yerinə yetirildiyi məkana çevrilməsi bütövlükdə Avropa institutlarına olan ictimai etimadı heçə endirir. Artıq beynəlxalq ictimaiyyətdə formalaşan düşüncə də ondan ibarət olur ki, AŞPA erməni lobbisinin siyasi oyun meydançasına çevrilib, Frank Şvabe kimilərin riyakar, selektiv və qərəzli mövqeyi isə bu institutun legitimliyini sual altında qoyub.