“Azərbaycanın əldə etdiyi uğurlar, bəzi xarici dairələr tərəfindən narahatlıqla qarşılanır” - DEPUTAT DANIŞDI

25 İyun 2026 16:48 (UTC+04:00)

“Azərbaycana qarşı qərəzli yanaşmaların və siyasi təzyiq cəhdlərinin yenidən intensivləşdiyi müşahidə olunur. Maraqlıdır ki, bu kampaniyaların müəllifləri də, istifadə etdikləri arqumentlər də illərdir dəyişmir. Hər dəfə olduğu kimi, yenə də bəzi Avropa dairələri və ayrı-ayrı siyasətçilər ölkəmizə münasibətdə obyektivlikdən uzaq mövqe nümayiş etdirməyə çalışırlar. Bu sırada ən fəal şəxslərdən biri də Frank Şvabedir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Frank Şvabenin Azərbaycana münasibəti yeni deyil:

”O, uzun illərdir ölkəmiz haqqında birtərəfli və qərəzli fikirlər səsləndirir, lakin bölgədə baş vermiş hadisələrə münasibətdə eyni prinsipiallığı nümayiş etdirmir. Xüsusilə də azərbaycanlıların fundamental hüquqlarının pozulması, onların öz doğma torpaqlarından didərgin salınması və illərlə qaçqın həyatı yaşaması onun çıxışlarında demək olar ki, heç vaxt yer almayıb.

Bu gün Azərbaycanda insan hüquqları və demokratiya mövzusunda tənqidi fikirlər səsləndirənlərin bir çoxu uzun illər ərzində regionda mövcud olmuş ədalətsizliklərə susqun qalıblar. Yüz minlərlə insanın öz evinə qayıtmaq hüququndan məhrum edilməsi, şəhər və kəndlərin dağıdılması, mülki əhalinin hüquqlarının pozulması məsələləri onların diqqət mərkəzində olmayıb. Halbuki insan hüquqları anlayışı selektiv yanaşmanı deyil, hər kəsə eyni ölçünün tətbiq edilməsini tələb edir.

Frank Şvabenin çıxışlarında diqqət çəkən əsas məqamlardan biri də regiondakı hadisələrə fərqli standartlarla yanaşmasıdır. O, Azərbaycana münasibətdə sərt ittihamlar irəli sürərkən, qonşu ölkələrdə baş verən siyasi proseslərə və demokratik problemlərə eyni həssaslığı göstərmir. Bu isə onun mövqeyinin hüquqi və ya mənəvi prinsiplərdən daha çox siyasi maraqlara söykəndiyi barədə fikirləri gücləndirir.

Son illər Azərbaycanın əldə etdiyi uğurlar, xüsusilə də suverenliyinin tam bərpa olunması və regionda güclənən mövqeyi bəzi xarici dairələr tərəfindən narahatlıqla qarşılanır. Məhz buna görə də ölkəmizə qarşı müxtəlif platformalarda təzyiq göstərmək, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq və daxili proseslərə təsir etməyə çalışmaq cəhdləri müşahidə olunur.

Təəssüf doğuran məqamlardan biri də odur ki, bəzi beynəlxalq qurumlar müəyyən lobbi qruplarının təsiri altına düşərək obyektiv vasitəçi rolundan uzaqlaşırlar. Bu halda qəbul edilən qərarlar və səsləndirilən bəyanatlar hüquqi əsaslardan daha çox siyasi maraqları əks etdirir. Belə yanaşma isə həmin qurumların nüfuzuna və etibarlılığına mənfi təsir göstərir.

Azərbaycan isə bütün bu təzyiqlərə baxmayaraq, müstəqil siyasət yürütməkdə davam edir. Dövlətimizin daxili və xarici siyasəti hər hansı xarici mərkəzlərin göstərişləri əsasında deyil, xalqın iradəsi və milli maraqlar əsasında formalaşır. Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr və beynəlxalq nüfuzu bunun bariz göstəricisidir.

Ayrı-ayrı siyasətçilərin və ya beynəlxalq təşkilatların qərəzli bəyanatları Azərbaycanın inkişaf yolunu dəyişdirə bilməz. Ölkəmizin gələcəyi ilə bağlı qərarlar Azərbaycan xalqı və dövləti tərəfindən verilir. Bu reallıq dəyişməz olaraq qalır.

Məhz buna görə də müxtəlif tribunalardan səsləndirilən əsassız ittihamlar və anti-Azərbaycan çıxışları praktik nəticə vermir. Onlar daha çox həmin çıxışların edildiyi zallarla məhdudlaşır. Azərbaycan isə öz milli maraqlarına söykənən siyasətini davam etdirərək inkişafını və dövlətçiliyini daha da möhkəmləndirir”.