İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25 İyun 2026 15:26 (UTC+04:00)

Mətləb Salahov: Ərazilərimizdə 65 məscidi məhv edən Ermənistan islamofobiya üçün ən bariz “nümunədir”

“İslamifobiya artıq sözün əsl mənasında bəşəriyyət üçün təhlükəli proses halını alıb. İnsanların dini inanclarına görə təqib edilməsi, ayrı-seçkilik yaradılması sivilizasiya və inkişafdan dəm vuran bir çox Avropa ölkələri üçün xəcalət nümunəsidir. Son bir neçə il ərzində Avropa qitəsində Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs "Qurani-Kərim"in yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər hərəkətlər müsəlmanların hisslərini təhqir etməyə yönəlmiş və sayı getdikcə artan anti-müsəlman hadisələri sırasındadır. "Söz azadlığı" adı altında islam dininə və müsəlmanlara qarşı hücumlar isə qəti şəkildə qəbuledilməzdir".

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O diqqətə çatdırıb ki, hazırda əksər Avropa ölkələrində müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə üzləşirlər. “Bu cür qərəzli yanaşmalar müsəlmanların damğalanmasında və əsassız irqi profilləşdirilməsində özünü göstərir və qərəzli media təmsilçiliyi, bəzi siyasi liderlərin antimüsəlman ritorikası və siyasəti ilə gücləndirilir. Xüsusilə bir məqama diqqət yetirməliyik. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu gün qlobal təhlükəyə, ümumbəşəri bəlaya çevrilmiş islamofobiyaya qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. islam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar, eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər. Bu, sözün əsl mənasında dünya sivilizasiyası üçün qorxunc mənzərədir”.

Afət Tahirqızı