"Biz, Azərbaycan ailələri olaraq, həmişə övladlarımızın tərbiyəsinə böyük önəm veririk. Lakin ailələrimizin əksəriyyətində daha çox qoruyucu və avtoritar valideynlik modeli müşahidə olunur.
Bu sözləri SİA-ya açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayilova bikdirib.
Onun sözlərinə görə, valideynlər övladları böyüsə belə, onlara müstəqillik verməkdə və məsuliyyəti onların üzərinə qoymaqda çətinlik çəkirlər: "Çünki çox vaxt belə düşünürlər ki, ata-ana olmadan övlad düzgün qərar verə bilməz və həyatını idarə etməkdə çətinlik çəkər.
Bu yanaşma isə müəyyən mənada övladın valideyndən asılı vəziyyətdə qalmasına səbəb olur. Uşaq özünə inamını və güvən hissini yalnız valideynin varlığı ilə əlaqələndirməyə başlayır. Vaxt keçdikcə bu vəziyyəti normal qəbul edir, ona uyğunlaşır və müstəqil qərar verməkdə özünü yetərsiz hiss edir. Nəticədə özünəinam azalır və o, təkbaşına hərəkət etməkdən çəkinir.
Əgər biz övladımıza kiçik yaşlarından məsuliyyət vermiriksə, yaşına uyğun vəzifələr tapşırmırıqsa və bu məsuliyyətləri yaş artdıqca tədricən genişləndirmiriksə, o zaman gənclərimiz müstəqil həyata addım atarkən çətinliklərlə üzləşirlər. Bu baxımdan, bəzi Avropa ölkələrindəki gənclərlə müqayisədə bizim gənclərimiz daha çox tərəddüd edir, özlərinə güvənməkdə çətinlik çəkirlər.
Gənc insan özünü güvənsiz hiss edirsə, valideynlərinin dəstəyi olmadan hərəkət etməkdə çətinlik çəkirsə, təbii ki, müstəqil olmaq və həyati qərarlar vermək onun üçün asan olmayacaq. Bu səbəbdən bir çox Azərbaycan gənci qərarsızlıqdan və müstəqil olma qorxusundan əziyyət çəkir.
Buna görə də övladlarımıza erkən yaşlardan etibarən kiçik məsuliyyətlər verməliyik. Yaş artdıqca həmin məsuliyyətlərin həcmi də artmalıdır. Bu proses uşağın müstəqil düşünən, qərar verməyi bacaran, özünə inanan və güclü şəxsiyyət kimi formalaşmasına kömək edir.
Unutmamalıyıq ki, biz övladlarımızı bizimlə yaşamaq üçün deyil, bizsiz də yaşaya bilmək üçün tərbiyə edirik. Məqsədimiz odur ki, onlar gələcəkdə düzgün qərarlar qəbul etsinlər, sağlam həyat tərzi sürsünlər və cəmiyyətə faydalı fərdlər olsunlar.
Sağlam psixologiyaya malik, özünə güvənən bir gənc yetişdirmək istəyiriksə, uşağın fərdiyyətinin formalaşmağa başladığı dövrdən etibarən ona seçim etmək, qərar vermək və məsuliyyət daşımaq imkanı yaratmalıyıq. Valideynin vəzifəsi övladın yerinə qərar vermək deyil, ona doğru qərar verməyi öyrətməkdir".
Lətifə Abdıyeva