Uşaqlarda raxitlik və onun yaranma səbəbləri nələrdir? - HƏKİM DANIŞDI

25 İyun 2026 15:15 (UTC+04:00)

"Uşaqlarda raxitlik dedikdə, əsasən sümük sisteminin inkişaf pozğunluğu və müxtəlif deformasiyalarla müşayiət olunan xəstəlik nəzərdə tutulur. Bu xəstəliyin yaranmasının bir çox səbəbləri vardır.

Bu fikirləri SİA-ya açıqlamasında pediatr, Tibb Universitetinin Uşaq Xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmayilov bildirib.

Onun sözlərinə görə, raxitliyin yaranmasında ən əsas səbəblərdən biri D vitamini çatışmazlığıdır: "D vitamini çatışmazlığı nəticəsində orqanizmdə kalsium-fosfor mübadiləsi pozulur və bu da sümük toxumasının normal inkişafına mənfi təsir göstərir.

Xüsusilə həyatın ilk ilində raxitliyin əlamətləri özünü göstərə bilər. Belə ki, uşağın başı normadan böyük görünə bilər, ön əmgək gec bağlana bilər, döş qəfəsində deformasiya yaranaraq “toyuq döşü” görünüşü əmələ gələ bilər. Bundan əlavə, qabırğaların sümük-qığırdaq birləşmələri nahiyəsində qalınlaşmalar müşahidə oluna bilər ki, buna “raxit təsbehləri” deyilir. Bilək nahiyəsində qalınlaşmalar isə “raxit bilərzikləri” adlandırılır.

Uşaq yeriməyə başladıqdan sonra, adətən bir yaşından sonra ayaqlarda müxtəlif əyriliklər meydana çıxa bilər. Bu əyriliklər O-şəkilli (genu varum) və ya X-şəkilli (genu valgum) deformasiya şəklində özünü göstərə bilər. Bəzi hallarda kəllə sümüklərinin formasında dəyişikliklər yaranır və başın arxa və ya yan hissələrində yastılaşma müşahidə olunur. Kəllə sümüyünün dördkünc formaya yaxın görünüş alması da raxitlik zamanı rast gəlinən əlamətlərdəndir.

Lakin qeyd etmək lazımdır ki, hər ayaq əyriliyi və ya sümük deformasiyası raxitlik demək deyil. Məsələn, valgus deformasiyası, ayaqların içəriyə doğru yönəlməsi, pəncələrin vəziyyət pozğunluqları və digər ortopedik dəyişikliklər ayrı patologiyalar hesab olunur. Buna görə də raxitliklə digər deformasiya və ortopedik problemləri bir-birindən fərqləndirmək vacibdir.

Bu problemlərlə həm pediatrlar, həm də ortoped-travmatoloqlar məşğul olurlar. Belə hallarda vaxtında həkimə müraciət olunmalı, ətraflı müayinə aparılmalı və patologiyanın səbəbi müəyyən edilməlidir. Erkən diaqnostika və düzgün müalicə sayəsində xəstəliyin inkişafının, eləcə də gələcəkdə yarana biləcək sümük deformasiyalarının qarşısını almaq mümkündür".

Lətifə Abdıyeva