Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun SİA-ya müsahibəsini təqdim edirik:
– Faiq bəy, son günlər “uşaq pulu” mövzusu ətrafında müxtəlif müzakirələr aparılır. Bəzi şəxslər bu məsələyə fərqli yanaşmalar sərgiləyirlər. Ümumiyyətlə, uşaq pulu nədir və onun verilməsində əsas məqsəd nədən ibarətdir?
– “Uşaq pulu dövlət tərəfindən uşaqlı ailələrə verilən sosial yardım növüdür. Bu maddi dəstək, uşaqların sağlam və normal şəraitdə böyüməsini təmin etmək, onların sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Uşaq pulu həm ailənin maddi yükünü azaltmağa, həm də uşaqların ehtiyaclarını qarşılamağa kömək edir”.
Uşaq pulu, Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, “Sosial müavinətlər haqqında” qanun və digər normativ aktlarla tənzimlənir. Deməli bu müavinəti tələb etmək Azərbaycan vətəndaşı olan hər bir uşaqlı ailənin haqqı və hüququdur. Bu tələbə görə narahat olmağa, onu ikrah hissi ilə qarşılamağa və ya bu tələbə görə cəmiyyət arasında narazılıq yaratmağa çalışmaq başa düşülən deyil.
– Uşaq pulunun verilməsi yalnız sosial dəstək kimi qiymətləndirilməlidir, yoxsa bu məsələ dövlətin uşaq siyasəti və gələcək nəsillərin formalaşması ilə də bağlıdır?
– Uşaq pulu müavinəti birbaşa uşaqların qorunmasına xidmət edir. Uşaqların qorunması onların fiziki, psixoloji və sosial rifahını təmin edən, fundamental hüquqlarının həyata keçirilməsinə (yaşamaq, təhsil almaq, sağlamlıq və s.) zəmin yaradan qanunvericilik və qayğı tədbirləridir. Bu proses həm dövlət, həm də cəmiyyət və ailə səviyyəsində həyata keçirilir.
Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Dövlətin məqsədi sağlam cəmiyyət yetişdirməkdir. Sağlam ailə cəmiyyətin əsasını təşkil edir. Bugünkü uşaqlar gələcəkdə ölkənin elm, təhsil, iqtisadiyyat, kənd təsərrüfatı sistemlərinin qurucuları və ölkə təhlükəsizliyinin təminatçılarıdırlar. Uşaqlar dövlətin sabahı, millətin gələcəyidir.
Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə ilə bərabər, dövlət də məsuliyyət daşıyır. Bu barədə ümummilli lider Heydər Əliyev demişdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
– Mövcud iqtisadi şəraitdə aztəminatlı ailələrin vəziyyətini necə qiymətləndirirsiniz? Təklif olunan uşaq pulu ailələrin bütün ehtiyaclarını qarşılaya bilərmi?
– Təəssüflə qeyd etmək lazımdır ki, aparılan müşahidələr göstərir ki, bir çox uşaqlı ailələr dayanıqlı maddi imkanlara malik deyillər. Belə aztəminatlı ailələrin dövlət dəstəyinə ehtiyacları var. Bu arada yenə bir sual yaranır. Belə ailələrə uşaqpulu verilə bilərmi? Əgər verilərsə indiki bazar qiymətləri qarşılığında aztəminatlı uşaqlı ailənin tələbatı ödənilə bilərmi?
Müşahidələr göstərir ki, uşaqpulu müavinəti ilə ailənin tələbləri arasında böyük bir uçurum var. Belə ki, ehtimal olunur ki, bir uşağa 100-150 manat müavinət verilərsə belə, bu məbləğ uşağın aylıq ehtiyaclarını ödəyə bilməz.
Hazırda bazar qiymətləri aztəminatlı ailələrin büdcəsini dəfələrlə üstələyir. Yeni doğulan uşağın xəstəxanadan evə çıxarılmasına orta hesabla 1000-1500 manat vəsait xərclənir. Uşağın qida rasionuna daxil olan qida əlavələrinin qiymətləri 30 manatdan 300 manat arasında dəyişir. Buna gündəlik pampers və digər ləvazimatlar da əlavə olunduqda xərc daha da artır. Sonrakı mərhələlərdə bağça, məktəbəqədər hazırlıq, məktəb və geyim xərcləri ailə büdcəsinə ciddi yük yaradır. Bu baxımdan, ehtimal olunan 100-150 manatlıq uşaq pulu uşağın bütün ehtiyaclarının qarşılanması üçün kifayət etmir.
– Sizcə, aztəminatlı uşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hansı əlavə dəstək mexanizmləri tətbiq oluna bilər?
– Aztəminatlı uşaqlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən kompleks sosial dəstək tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə aşağıdakı təkliflər irəli sürülə bilər:
1. Aztəminatlı uşaqlı ailələrə müəyyən edilmiş miqdarda uşaq pulu müavinətinin verilməsi təmin edilməli;
2. Aztəminatlı uşaqlı ailələrin işlətdikləri işıq, qaz və su xidmətlərinə görə aylıq ödənişlərdə 30-50 faiz güzəşt tətbiq edilməli;
3. Bu ailələrin üzvlərinin müayinə, müalicə və nəqliyyat xərcləri pulsuz həyata keçirilməli;
4. Banklardan götürdükləri kreditlərə daha aşağı faiz dərəcələri tətbiq edilməli;
5. Aztəminatlı ailələrin uşaqları ildə bir dəfə pulsuz istirahətlə təmin edilməli;
6. Kirayədə yaşayan aztəminatlı uşaqlı ailələrin ailə tərkibinə uyğun sosial və ya xidməti mənzillərlə təmin olunması imkanları nəzərdən keçirilməlidir.
Bu cür tədbirlər həm ailələrin sosial rifahının yüksəldilməsinə, həm də uşaqların daha sağlam və təhlükəsiz mühitdə böyüməsinə töhfə verə bilər.