Ebola virusu: təhlükəli infeksiya və mümkün risklər - AÇIQLANDI

24 İyun 2026 16:45 (UTC+04:00)

Ebola virusu zoonotik mənşəli, yəni heyvanlardan insanlara keçən və yüksək ölüm göstəriciləri ilə xarakterizə olunan ağır yoluxucu xəstəlikdir. Bu virus hemorragik qızdırmalar qrupuna daxildir və müxtəlif epidemiyalar zamanı ölüm göstəricilərinin bəzi hallarda 50 faizə və daha yuxarı səviyyəyə çatdığı müşahidə olunub.

Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

O bildirib ki, virus əsasən yoluxmuş heyvanların qanı, ağız suyu, bədən mayeləri və digər ifrazatları ilə təmas nəticəsində insana keçir. Sonrakı mərhələdə isə xəstə şəxsin qanı və digər bioloji mayeləri vasitəsilə insanlar arasında yayılma baş verə bilər:

”Hazırda Azərbaycanda Ebola virusunun geniş yayılması üçün ciddi risk müşahidə olunmur. Bununla belə, qloballaşma və beynəlxalq miqrasiyanın artdığı müasir dövrdə hər bir ölkə kimi Azərbaycan da potensial təhlükələrdən tam sığortalanmayıb. Xarici ölkələrdən gələn yoluxmuş şəxslər vasitəsilə virusun ölkəyə daxil olması nəzəri baxımdan mümkündür.

Ebola infeksiyasının ilkin əlamətləri arasında yüksək hərarət, boğaz ağrısı, baş və əzələ ağrıları, ümumi halsızlıq və güclü intoksikasiya əlamətləri yer alır. Xəstəliyin ağır mərhələsində isə daxili və xarici qanaxmalar müşahidə oluna bilər ki, bu da ölüm riskini əhəmiyyətli dərəcədə artırır.

Məhz yüksək təhlükə səviyyəsinə görə Ebola epidemiyaları zamanı Ümumdünya Səhiyyə Təşkilatı və milli səhiyyə qurumları tərəfindən ciddi karantin və nəzarət tədbirləri həyata keçirilir. Bu tədbirlərin əsas məqsədi virusun yayılmasının qarşısını almaq və yoluxma zəncirini qısa müddətdə qırmaqdır.

Belə infeksiyalarla mübarizədə sərhəd-keçid məntəqələrində epidemioloji nəzarətin gücləndirilməsi, riskli bölgələrdən gələn şəxslərin tibbi monitorinqi və şübhəli halların vaxtında izolyasiya olunması xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma həm ölkədaxili təhlükəsizliyin qorunmasına, həm də mümkün epidemioloji risklərin minimuma endirilməsinə xidmət edir”.

Ayşən Vəli