Azərbaycan futbolunda təşviq mexanizmi növbəti mövsümdə də davam etdiriləcək

24 İyun 2026 15:44 (UTC+04:00)

AFFA İcraiyyə Komitəsinin 3 fevral 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi növbəti mövsümdə də davam etdiriləcək.

Bu barədə SİA-ya milli assosiasiyadan məlumat verilib.

Bildirilib ki, mexanizmin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsiri nəzərə alınaraq, layihənin davam etdirilməsi planlaşdırılır.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.