"Yay mövsümündə hava temperaturunun yüksəlməsi və insanların daha çox tərləməsi nəticəsində orqanizmin maye ehtiyacı artır və susuzluq daha tez hiss olunur".
Bu fikirləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu halda əsasən təmiz su və ayran kimi faydalı içkilərdən istifadə etmək daha məqsədəuyğundur: "Ümumi olaraq hesab olunur ki, insan gündəlik olaraq hər 1 kq bədən çəkisi üçün təxminən 30 ml su qəbul etməlidir. Lakin həddindən artıq tərləmə və ya fiziki aktivlik olduqda bu miqdar artırıla bilər.
Suyun gün ərzində düzgün vaxtlarda qəbul edilməsi də vacibdir. Məsələn, səhər yuxudan oyandıqdan sonra 1 stəkan su içmək, yeməkdən 20–30 dəqiqə əvvəl və yeməkdən təxminən 45–50 dəqiqə sonra 1 stəkan su qəbul etmək faydalıdır. Fiziki aktivlik və idman zamanı isə suyu qurtum-qurtum və mütəmadi şəkildə içmək məsləhət görülür. Lakin yatmazdan əvvəl çox su içmək tövsiyə olunmur, çünki bu, yuxu rejimini poza bilər və böyrəklərə əlavə yük yarada bilər.
Susuzluğun qarşısını almaq üçün yay aylarında yüngül və asan həzm olunan qidaların qəbuluna üstünlük verilməlidir. Ağır qızartmalar, turşular, acı qidalar və şirniyyatlar mümkün qədər azaldılmalıdır.
Eyni zamanda emal olunmuş qidalar — kolbasa, sosiska və digər ət və ət məhsulları da orqanizmdə susuzlaşmanı artıra bilər. Bu səbəbdən onların istifadəsini məhdudlaşdırmaq və ya yay mövsümündə minimuma endirmək daha məqsədəuyğundur.
Qeyd etmək lazımdır ki, kifayət qədər su qəbul edilmədikdə bəzən insan aclıq hissi ilə susuzluğu qarışdırır və həddindən artıq qida qəbul edir. Bu isə yenə də orqanizmdə susuzlaşmanı dərinləşdirə bilər. Buna görə maye balansına diqqət yetirilməsi vacibdir.
Eyni zamanda yay mövsümündə tərkibində yüksək miqdarda su olan meyvə və tərəvəzlərin istifadəsi də faydalıdır. Xiyar, pomidor, qarpız, yemiş, həmçinin göyərtilər (kahı və s.) tərkibində 70–90%-ə qədər su ehtiva edir. Bu məhsullar həm orqanizmin maye ehtiyacını qismən qarşılayır, həm də qidalanmanı daha yüngül və balanslı edir".
Lətifə Abdıyeva