"Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi, Xəzər hövzəsində regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından mühüm bir geosiyasi hadisədir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bu diplomatik addım, Bakı ilə Aşqabad arasındakı münasibətlərin sadəcə mehriban qonşuluq deyil, hər iki tərəf üçün strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiqləyir:
"Qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi müasir şəraitdə, Xəzərin iki mühüm aktorunun ortaq məxrəcə gəlməsi regional sabitliyin qorunmasına xidmət edir.
Siyasi-iqtisadi kontekstdə bu sənədlər iki ölkənin nəqliyyat-loqistika və enerji sahələrindəki potensialını sinerjiyə çevirmək məqsədi daşıyır. Azərbaycanın formalaşdırdığı Şərq-Qərb və Orta Dəhliz layihələri Türkmənistanın karbohidrogen resurslarının və tranzit yüklərinin dünya bazarlarına çıxışı üçün ən optimal və təhlükəsiz marşrutdur. İmzalanan razılaşmalar Xəzər dənizi üzərindən keçən nəqliyyat infrastrukturunun optimallaşdırılmasına və iki dövlətin qlobal təchizat zəncirindəki çəkisinin artmasına birbaşa təsir göstərir.
Politoloji baxımdan bu yaxınlaşma həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya proseslərinin dərinləşməsinə xidmət edən strateji gedişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi proaktiv xarici siyasət, Mərkəzi Asiya ölkələri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu mənada, Bakıdakı sənəd mübadiləsi hər iki dövlətin milli maraqlarının qorunması ilə yanaşı, Avrasiya məkanında yeni iqtisadi və geosiyasi reallıqların memarlığında mühüm bir kərpic rolu oynayır".