"Azərbaycan Ordusu regionun güclü qüvvəsidir" - TARİXÇİ DANIŞDI

24 İyun 2026 13:46 (UTC+04:00)

"Azərbaycan Silahlı Qüvvələri Gününün tarixinə nəzər saldıqda görürük ki, geostrateji mövqeyinə görə böyük dövlətlərin maraqlarının kəsişdiyi bir ölkə olan Azərbaycanda demokratik respublikanın yarandığı ilk gündən etibarən dövlətçiliyin mühüm atributlarından sayılan nizami ordu quruculuğu istiqamətində ciddi addımlar atılmışdır".

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd olunurdu ki, Azərbaycan özünü xarici müdaxilələrdən qorumaq, daxili təhlükələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı və öz silahlı qüvvələrini yaratmalıdır: "Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyulmuşdu. Dövlət büdcəsinin təxminən 24 faizi hərbi məqsədlərə ayrılırdı.

1918-ci il avqustun 1-də Hərbi Nazirlik təsis edildi və Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin olundu. Daha sonra bu vəzifəyə general Səməd bəy Mehmandarov gətirildi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini vəzifəsini icra edirdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi sahədə ciddi çətinliklərlə üzləşdi. Nizami orduya malik olmayan ölkənin qarşısında duran əsas vəzifələrdən biri cəbhədə vəziyyəti nəzarət altına almaq idi ki, bu da böyük çətinliklərlə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatında da ciddi problemlər mövcud idi.

Lakin zaman keçdikcə müharibədəki uğursuzluqların qarşısını almaq və ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə bütün imkanlar milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya keçid istiqamətində ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış sistemi formalaşdırıldı.

1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Bakıda keçirilən hərbi parad orduya olan inamın və marağın artmasına səbəb oldu.

Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarından etibarən qoyuldu. Məhz həmin dövrdən ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, Silahlı Qüvvələr pərakəndəlikdən xilas edildi və ordudakı siyasiləşməyə son qoyuldu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə həm Prezident, həm də Ali Baş Komandan kimi ordunun gücləndirilməsi daim diqqət mərkəzində saxlanıldı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur və ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.

Bu münasibətlə bütün hərbçilərimizi və Silahlı Qüvvələrimizin şəxsi heyətini təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayıram".