"Azərbaycan və Türkmənistan qardaş dövlətlərdir, eyni kökə, ortaq tarixə və mədəniyyətə malik xalqlardır. Təbii ki, biz hər zaman bir-birimizə dəstək olacaq, yardım göstərəcək, qarşılıqlı səfərlər həyata keçirəcək və əlaqələrimizi daha da möhkəmləndirəcəyik".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1)_(2)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib:
"Azərbaycanın Türkmənistana “Dostluq” gəmisini hədiyyə etməsi də məhz bu qardaşlığın və dostluğun növbəti təzahürüdür. Bu addım, eyni zamanda, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərən mühüm jestdir.
Məlumdur ki, müəyyən dövrlərdə Azərbaycan və Türkmənistan arasında bəzi anlaşılmazlıqlar mövcud olub. Lakin Azərbaycan tərəfi hər zaman bu məsələlərin sülh və qarşılıqlı anlaşma yolu ilə həllinə çalışıb. Sevindirici haldır ki, Türkmənistan tərəfi də bu yanaşmaya müsbət cavab verib və nəticədə həmin soyuq münasibətlər dövrü artıq geridə qalıb.
Bu gün Azərbaycan və Türkmənistan arasında əlaqələr uğurla inkişaf edir. Bununla yanaşı, arzu edərdik ki, yaxın gələcəkdə iki ölkə arasında viza məsələsi də öz həllini tapsın. Bildiyiniz kimi, türk dövlətləri arasında Türkmənistan Azərbaycan vətəndaşlarının hələ də viza ilə səfər etdiyi yeganə ölkələrdən biridir.
Əlbəttə, bu məsələ qardaş xalqlar arasında münasibətlərin ruhuna tam uyğun görünmür. Çünki Türkmənistan bizim üçün doğma və qardaş ölkədir. Necə ki, qardaş Türkiyəyə vizasız səfər edə bilirik, eyni yanaşmanın Türkmənistanla münasibətlərdə də tətbiq olunması çox müsbət addım olardı.
Ümid edirəm ki, gələcəkdə Azərbaycan və Türkmənistan arasında vizasız gediş-gəliş də təmin olunacaq və bu, iki qardaş xalq arasında əlaqələrin daha da inkişafına töhfə verəcək".