UNEC dünyanın ən yaxşı 301-400-cü universitetidir

24 İyun 2026 12:31 (UTC+04:00)

Dünyanın nüfuzlu ali təhsil reytinq təşkilatlarından olan Times Higher Education (THE) tərəfindən hazırlanan “Impact Rankings 2026”-nın nəticələri açıqlanıb.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) builki reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq mühüm uğura imza atıb. Belə ki, UNEC 1603 ali təhsil müəssisəsi arasında dünyanın ən yaxşı 301-400-cü universiteti olub. Ötən il reytinqdə 801-1000-ci sırada yer aldığı halda, UNEC bu il dünyanın ən yaxşı TOP 400 universiteti adını qazanıb. Bütövlükdə 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 16-sı üzrə UNEC-in nəticələri dünya üzrə median göstəricilərdən yüksəkdir.

Bu barədə SİA-ya İqtisad Universitetindən məlumat verilib.

UNEC “Bərabərsizliyin azaldılması” istiqaməti üzrə dünyada 19-cu yerdədir və TOP 20 universitet sırasına daxil olub. Bundan başqa, UNEC “Sərfəli və təmiz enerji” istiqaməti üzrə 46-cı, “Keyfiyyətli təhsil” üzrə isə 64-cü yeri tutaraq dünyanın TOP 100 ən yaxşı universiteti arasında yer alıb.

Eləcə də UNEC “Yoxsulluğa son”, “Aclığa son”, “Təmiz su və sanitariya”, “Məsuliyyətli istehlak və istehsal” və “Torpaq ekosisteminin mühafizəsi” istiqamətləri üzrə 101-200-cü yerə yüksəlib.

“THE Impact Rankings” universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini, onların cəmiyyətə, iqtisadiyyata və ətraf mühitə təsirini qiymətləndirən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir.