Çin dünyanın ən sürətli superkompüteri üzrə ABŞ-ı geridə qoyub
TOP500 siyahısına əsasən, Çinin LineShine superkompüteri ABŞ-ın El Capitan sistemini geridə qoyaraq dünyanın ən güclü superkompüteri adına sahib olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu nəticə Çinin qabaqcıl texnologiyalar sahəsində ABŞ ilə rəqabət aparmaq imkanlarının daha da gücləndiyini göstərir.
Almaniyanın Hamburq şəhərində açıqlanan növbəti TOP500 reytinqinə əsasən, Çinin Şençjen şəhərindəki Milli Superkompüter Mərkəzində yerləşən LineShine sistemi hazırda dünyanın ən yüksək performanslı superkompüteridir. Sistem saniyədə 2 kvintilyondan çox əməliyyat həyata keçirərək 2198 ekzaflops göstəricisinə nail olub. Bu nəticə ABŞ-ın El Capitan superkompüterinin performansından təxminən 20 faiz yüksəkdir.
Qeyd edək ki, bu, 2017-ci ildə Sunway TaihuLight sisteminin birinci yeri tutmasından sonra Çinin yenidən TOP500 siyahısında lider mövqeyə yüksəlməsi deməkdir.
ABŞ-ın Kaliforniya ştatının Livermor şəhərində yerləşən Lourens Livermor Milli Laboratoriyasında fəaliyyət göstərən El Capitan 2024-cü ilin noyabr ayından etibarən dünyanın ən güclü superkompüteri hesab olunurdu.
Reytinqdə sonrakı yerləri Tennessi ştatındakı Oak Ridge Milli Laboratoriyasının Frontier, İllinoys ştatındakı Argonne Milli Laboratoriyasının Aurora və Almaniyanın Yülix Superkompüter Mərkəzinin Jupiter sistemləri tutur.
TOP500 siyahısının ilk 20-liyində Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, İtaliya, Niderland və İsveçrə kimi ölkələrin superkompüterləri də yer alıb.
TOP500 siyahısının təşkilatçılarından biri, Tennessi Universitetinin kompüter elmləri üzrə fəxri professoru Cek Donqarra bildirib ki, LineShine-ın əldə etdiyi nəticələr ABŞ-ın qabaqcıl çiplərə tətbiq etdiyi ixrac məhdudiyyətlərinə baxmayaraq, Çinin yüksək məhsuldarlıqlı hesablama sahəsində mövqeyini qoruyub saxlaya bildiyini nümayiş etdirir.
Lətifə Abdıyeva