ABŞ-ın Texas ştatında yerləşən Prairieland Miqrasiya Saxlanma Mərkəzi qarşısında keçirilmiş etiraz aksiyası ilə bağlı səkkiz nəfər barəsində ağır həbs qərarı çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, vətəndaş azadlıqlarını müdafiə edən təşkilatlar sözügedən məhkəmə qərarının hüquqi və ictimai nəticələri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məhkəmənin qərarına əsasən, ABŞ Dəniz Piyadalarının ehtiyatda olan keçmiş hərbçisi Benjamin Sonq etiraz aksiyası zamanı polis əməkdaşına atəş açaraq onu yaraladığı üçün 100 il müddətinə azadlıqdan məhrum edilib. Bu, iş üzrə nəzərdə tutulan maksimum cəza hesab olunur.
Prokurorluq hadisəni terror aktı kimi qiymətləndirərək təqsirləndirilən şəxslərin sol yönümlü antifaşist hərəkatı olan “Antifa” ilə əlaqəli olduqlarını iddia edib. Müdafiə tərəfi isə bu ittihamları rədd edərək müttəhimlərin sözügedən hərəkatla hər hansı bağlılığının olmadığını bildirib.
İş üzrə digər təqsirləndirilən şəxslərə də uzunmüddətli həbs cəzaları verilib. Onların ailə üzvləri məhkəmənin qərarını sərt və qeyri-mütənasib qiymətləndirərək narazılıqlarını ifadə ediblər.
50 il müddətinə azadlıqdan məhrum edilən Autumn Hillin həyat yoldaşı Lidiya Koza qərara münasibət bildirərək hökumətin sadəcə etiraz aksiyasında iştirak etdiyinə görə onun həyatını məhv etdiyini iddia edib və heç kimin həyatını itirmədiyini vurğulayıb.
Lətifə Abdıyeva