"Psixoloji dayanıqlığın formalaşması və inkişaf etməsi insanın həyat təcrübəsi, xarakter xüsusiyyətləri və emosional inkişafı ilə sıx bağlıdır. Ümumiyyətlə, psixoloji dayanıqlığı artırmaq üçün insan müəyyən dərəcədə çevik və tənqidi düşüncə qabiliyyətinə sahib olmalıdır. Çünki insan müxtəlif həyat situasiyalarından keçdikcə, çətinliklərlə qarşılaşdıqca və onları aşdıqca psixoloji baxımdan daha möhkəm olur".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, ilk mərhələlərdə insanlar stres, həyəcan və gərginlik yaşayırlar:
"Lakin zaman keçdikcə bu çətinliklərlə mübarizə apararaq təcrübə qazanır, yeni bacarıqlar formalaşdırırlar. Beləliklə, psixoloji dayanıqlıq tədricən inkişaf edir. Bu proses hər insanda fərqli şəkildə baş verir. Çünki hər bir insanın xarakteri, həyat şəraiti, tərbiyəsi və yaşadığı təcrübələr fərqlidir.
Psixoloji adaptasiya və dayanıqlıq müəyyən yaşla məhdudlaşmır. İnsan yaşadığı hadisələrdən nəticə çıxardıqca, fərqindəliyi artdıqca və həyata daha şüurlu yanaşdıqca daxili möhkəmliyi də güclənir. Vaxt keçdikcə insan bir çox hadisələrə daha sakit, daha rasional və daha obyektiv yanaşmağı öyrənir.
Bu prosesdə emosional intellekt də mühüm rol oynayır. Öz hisslərini tanımaq, idarə etmək və başqalarının emosiyalarını düzgün qiymətləndirmək insanın psixoloji dayanıqlığını artıran əsas amillərdəndir. Həyat təcrübəsi artdıqca insan qarşılaşdığı vəziyyətləri analiz etməyi, düzgün qərarlar verməyi və problemlərə daha sağlam yanaşmağı bacarır.
Müşahidə etdiyimiz kimi, eyni hadisəyə insan uşaqlıq, yeniyetməlik və yetkinlik dövrlərində fərqli reaksiyalar verə bilir. Bunun səbəbi həyat təcrübəsinin, düşüncə tərzinin və emosional yetkinliyin zamanla dəyişməsidir.
Eyni zamanda, ailə mühiti və tərbiyə də psixoloji dayanıqlığın formalaşmasında mühüm əhəmiyyət daşıyır. Valideynlərin, ailə üzvlərinin və yaxın çevrənin davranışları uşağın dünyagörüşünə və çətinliklərə münasibətinə birbaşa təsir göstərir. İnsan psixoloji immunitetini məhz yaşadığı təcrübələr, qarşılaşdığı çətinliklər və onları aşmaq bacarığı sayəsində formalaşdırır.
Psixoloji dayanıqlıq bir anda yaranan xüsusiyyət deyil. Bu, zamanla həyat təcrübəsi, emosional inkişaf və qarşıya çıxan çətinliklərin öhdəsindən gəlmək bacarığı nəticəsində formalaşan mühüm bir keyfiyyətdir".