"Şəhər mühitində quş növlərinin və digər canlıların sayının azalmasının əsas səbəblərindən biri sürətli şəhərləşmə və betonlaşmadır. Xüsusilə Bakı şəhərini nəzərə alsaq, yaşıllıq sahələrinin azalması, yeni tikililərin artması və ekoloji mühitin dəyişməsi təkcə quşlara deyil, ümumilikdə vəhşi təbiətə də mənfi təsir göstərir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, bu gün insanların məskunlaşdığı ərazilərdə bir çox canlı növləri üçün əvvəlki qədər əlverişli şərait qalmayıb:
"Bu problemin həlli üçün ilk növbədə yaşıllıq sahələrinin artırılması vacibdir. Çünki quşlar yalnız şəhərin estetik görünüşünün bir hissəsi deyil, eyni zamanda ekosistemin qorunmasında və təbiətin tarazlığının saxlanılmasında mühüm rol oynayırlar. Onlar təbii mühitin təmizlənməsinə və müxtəlif bioloji proseslərin davamlılığının təmin olunmasına töhfə verirlər.
Bakıda son illər bəzi quş növlərinin sayının nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunur. Məsələn, göyərçinlər əvvəlki illərlə müqayisədə daha az görünür. Onları əsasən binaların damlarında müşahidə edirik. Halbuki bir çox Avropa şəhərlərində və Türkiyədə göyərçinlərin meydanlarda, küçələrdə insanlarla birlikdə sərbəst hərəkət etdiyini görmək mümkündür.
Eyni vəziyyət qarğalar üçün də keçərlidir. Qarğalar təbiətin ən ağıllı canlılarından hesab olunur və şəhər ekosistemində özünəməxsus yer tuturlar. Lakin onların da sayında azalma hiss olunur.
Bundan başqa, son illərdə qağayıların da sayının azalması diqqət çəkir. Bunun səbəblərindən biri dəniz ekosistemində baş verən dəyişikliklər və qida ehtiyatlarının azalması ola bilər.
Bütün bunlar ekoloji problemlərin həm səbəbi, həm də nəticəsi kimi qiymətləndirilə bilər. Təbiətdə baş verən hər bir dəyişiklik digər canlılara da təsir göstərir və bununla da ekoloji tarazlıq pozulur.
Ona görə də şəhər mühitində yaşıllıqların artırılması, ekoloji layihələrin genişləndirilməsi və canlılar üçün əlverişli şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu, həm təbiətin qorunmasına, həm də insanların daha sağlam və keyfiyyətli mühitdə yaşamasına xidmət edəcəkdir".