"Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasiminin keçirilməsi, Azərbaycanın qlobal idarəetmədəki strateji çəkisini və beynəlxalq maliyyə institutları ilə münasibətlərindəki yeni mərhələni nümayiş etdirir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu miqyasda bir tədbirə ev sahibliyi edilməsi təkcə ölkənin infrastruktur potensialının deyil, həm də çoxşaxəli xarici siyasət xəttinin və iqtisadi diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir:
"Bakı son illərdə özünü təkcə mühüm regional güc mərkəzi kimi deyil, həm də İslam dünyası ilə qlobal maliyyə-iqtisadi sistem arasında mühüm bağlayıcı körpü rolunda təsdiqləyir.
Dövlət başçısının tədbirdə birbaşa iştirakı rəsmi Bakının İslam İnkişaf Bankı ilə tərəfdaşlığa verdiyi xüsusi siyasi və iqtisadi əhəmiyyətin bariz göstəricisidir. Bu platforma rəsmi Bakıya post-münaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası, "yaşıl enerji"yə keçid və regional nəqliyyat dəhlizlərinin diversifikasiyası kimi fundamental milli prioritetlərini qlobal səviyyədə gündəmə gətirmək üçün unikal imkanlar tanıyır. Eyni zamanda, İslam aləminin ən nüfuzlu təşkilatlarından birinin rəhbər heyətinin və üzv dövlətlərin təmsilçilərinin Bakıda bir araya gəlməsi rəsmi Bakının beynəlxalq arenada formalaşdırdığı sabit, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş imicini daha da möhkəmləndirir.
Politoloji kontekstdə bu hadisə həm də geosiyasi əhəmiyyət kəsb edir; qlobal güclər arasında ziddiyyətlərin kəskinləşdiyi müasir dövrdə Azərbaycan çoxtərəfli diplomatiya vasitəsilə fərqli güc mərkəzləri ilə balanslaşdırılmış dialoqu uğurla qoruyur. İslam dünyası ilə qurulan bu sıx iqtisadi-maliyyə inteqrasiyası Azərbaycanın milli təhlükəsizlik və dayanıqlı inkişaf arxitekturasını gücləndirən mühüm bir xarici siyasət aktıdır".