Ölüm nisbəti 25 faizi keçib...

24 İyun 2026 08:33 (UTC+04:00)

...Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında mövcud Ebola epidemiyasının ilk ayda təsdiqlənmiş yoluxma hallarının sayına görə tarixi rekordu qırdığını bildirib.

KDR hakimiyyət orqanlarının son məlumatlarına görə, virus artıq 267 nəfərin ölümünə səbəb olub və ümumi yoluxma sayı 1000-i keçib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Konqo Demokratik Respublikasında hemorragik qızdırmanın yayılması görünməmiş həddə çatıb.

ÜST-nin Səhiyyə Təcili Xəbərdarlığı və Reaksiya Ofisinin direktoru Abdirahman Mahamoud Cenevrədə keçirilən brifinqdə bildirib ki, hazırkı Ebola epidemiyası, başlanğıcının ilk ayı ərzində laboratoriyada təsdiqlənmiş halların sayına görə rekord həddə çatıb.

Çərşənbə axşamı Konqo hakimiyyəti tərəfindən açıqlanan məlumatlara görə, ümumi yoluxma sayı 1048-ə çatıb, 267 ölüm hadisəsi qeydə alınıb.

Beləliklə, ölüm nisbəti hazırda ümumi halların dörddə birini ötür. ÜST nümayəndəsi vurğulayıb ki, epidemiya aktiv şəkildə yayılmağa davam edir və virusu cilovlamaq üçün nəzarət əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi tələb olunur.

O bildirib ki, infeksiyanın aşkarlanmamış yayılmasının qarşısını almaq üçün halların hələ rəsmi olaraq qeydə alınmadığı bölgələrə xüsusi diqqət yetirilməlidir.

Mahamud həmçinin tibbi infrastrukturun üzərindəki kritik yükü qeyd edib: xəstəxana çarpayılarının 84 faizi artıq doludur və bu, ölkənin səhiyyə sisteminə əlavə risklər yaradır. Səhiyyə müəssisələrinin həddindən artıq yüklənməsi təhlükəsi nəzərə alınmaqla, ÜST Konqo Demokratik Respublikası hakimiyyət orqanlarını yalnız qızdırmanın idarə olunmasını deyil, bütün zəruri tibbi yardımın davamlılığını təmin etməyə çağırır.

Təşkilat tibb mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsini, fasiləsiz su və elektrik təchizatının təmin edilməsini tələb edir və həmçinin işçiləri və xəstələri infeksiyadan qorumaq üçün tədbirlər görməyə çağırır.

Mütəxəssislər hesab edirlər ki, bu addımlar epidemiyaya qarşı mübarizənin milli səhiyyə sisteminin digər seqmentlərini iflic etməsinin qarşısını almaq üçün vacibdir.

Əli Babayev