“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Türkmənistan münasibətlərinin strateji mahiyyətini, türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində atılan addımları və regionun gələcək inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoydu”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə , Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkmənistan arasında münasibətlər tarixi köklərə, ortaq mədəni-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır:
”Son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub, əlaqələr bütün istiqamətlər üzrə dinamik inkişaf etməkdədir.
Xüsusilə Qarabağın bərpası prosesində Türkmənistanın göstərdiyi dəstək qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Füzuli şəhərində Türkmənistan tərəfindən məscid tikintisinə başlanılması təkcə humanitar və mənəvi əhəmiyyət daşımır, həm də qardaş Türkmənistan xalqının Azərbaycanın haqq işinə verdiyi dəstəyin ifadəsidir. Bu təşəbbüs türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir.
Dövlət başçısının bəyanatında qeyd edilən nəqliyyat-logistika əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqları kimi Avrasiya məkanında etibarlı tərəfdaşlar statusunu daha da möhkəmləndirirlər. Bu əməkdaşlıq bütövlükdə regionun iqtisadi inkişafına, ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq yükdaşımaların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın göstərdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Bu, Azərbaycanın türk dünyası ilə inteqrasiyasının dərinləşməsi, regionlararası əməkdaşlığın genişlənməsi və yeni geoiqtisadi imkanların formalaşması baxımından mühüm tarixi hadisədir.
Mədəniyyət sahəsində əlaqələrin inkişafı, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağın qardaşlaşması xalqlarımız arasında dostluq körpülərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu münasibətlər dövlətlərarası əməkdaşlığın möhkəm ictimai dayaqlara söykəndiyini göstərir.
Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Türkmənistanın sosial-iqtisadi inkişafı və beynəlxalq uğurları barədə səsləndirdiyi fikirlər qardaş ölkəyə olan səmimi münasibətin, qarşılıqlı hörmətin və dostluğun növbəti təzahürüdür. Azərbaycanın Türkmənistanın neytrallıq siyasətini dəstəkləməsi və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın möhkəmlənməsinə xidmət edir.
Hesab edirəm ki, Azərbaycan-Türkmənistan münasibətləri Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, türk dünyasının birliyinə, regional əməkdaşlığın dərinləşməsinə və xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir”.