"Avropa Məhkəməsinin proseslərə ikili yanaşması beynəlxalq hüquqa ziddir" - ŞƏRH EDİLDİ

23 İyun 2026 16:09 (UTC+04:00)

"Avropa Məhkəməsinin Azərbaycana qarşı qərəzli münasibət sərgiləməsi, təbii ki, erməni hərbçiləri ilə bağlı məsələlərlə əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin proseslərə ikili yanaşması beynəlxalq hüquqa ziddir və orada təsbit olunan məqamlar birbaşa Azərbaycanda separatizmi təşviq etməyə, keçmiş rejimi müəyyən mənada diriltməyə xidmət edir:

"Göründüyü kimi, həm Avropa Şurası, həm də Avropa Məhkəməsi Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Halbuki 30 il ərzində Azərbaycan qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələləri dəfələrlə gündəmə gətirib. Düzdür, 2015-ci ildə müəyyən bir iş üzrə, o cümlədən Çıraqov qardaşları ilə bağlı qərar qəbul edilmişdi. Həmin qərarda Qarabağın Azərbaycan ərazisi olduğu da öz əksini tapmışdı.

Lakin indiki mərhələdə görürük ki, erməni hərbçiləri ilə bağlı yalan və böhtan xarakterli iddialar irəli sürülür. Ümumilikdə, Azərbaycan tərəfi hesab edir ki, beynəlxalq məhkəmə və təşkilatlar münaqişələrlə bağlı məsələlərə yanaşarkən eyni hüquqi standartları tətbiq etməli, siyasi təsirlərdən uzaq dayanmalı və bütün tərəflərin hüquqlarına bərabər yanaşmalıdırlar. Yalnız bu halda beynəlxalq ədalət mexanizmlərinə olan etimad güclənə, qəbul edilən qərarlar isə həqiqətən də hüququn aliliyinə xidmət edə bilər".