İqtisadiyyatın aparıcı qüvvəsi hesab olunan kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur. Bu inkişafı sürətləndirən əsas amillərdən biri də münbit şəraitin olması və Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısıdır. Xüsusilə də Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il mayın 25-də təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" bu sahədə inkişafın sürətlənməsinə təkan verəcək. Ümumiyyətlə faktlar təsdiq edir ki, kənd təsərrüfatı sahəsində geniş və əhatəli işlər görülür. Nəticədə bölgələrə ərzaq təminatı yükləməklə yanaşı, əhalinin məşğulluğu da əhəmiyyəti dərəcədə artır. Təkcə ötən il rekord sayda uğurlu nəticələr qeydə alınıb. Bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov ölkənin ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, su ehtiyatlarının səmərəli idarə olunması və ixrac potensialının artırılması fonunda qarşıda duran prioritet məsələlərlə bağlı yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirb. Nazir qeyd edib ki, 2025-ci il Azərbaycanın kənd təsərrüfatı üçün özünəməxsus, - həm iqlim təsirləri nöqteyi-nəzərindən, eyni zamanda, məhsul istehsalı və məhsuldarlıq baxımından, - bir il oldu. Bir sıra məhsullar üzrə məhsuldarlıqda rekord həcmlər, bəzi məhsullar üzrə isə azalma qeydə alındı: "Ümumilikdə, kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil etdi. Qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik oldu. Məhsul istehsalı aqrar sektorda 14,2 milyard manat təşkil etmişdi. Həmin vəsait isə bitkiçilik və heyvandarlıq arasında təxminən yarıbayarı bölünmüşdü. Bitkiçilik qismən daha az, heyvandarlıq isə daha çox idi. Ümumi daxili məhsulda ümumi artım 1 faizə yaxındır. Heyvandarlıqda bu, daha aşağı - 0,3 faiz, bitkiçilikdə isə 1,5 faiz artım müşahidə olunub. Əlbəttə, son illərdə aqrar sektordakı artımın müsbət olmasına baxmayaraq, dinamika aşağı doğru gedirdi və bu, özlüyündə ekstensiv artımın artıq öz resursunun limitlərinə çatdığını göstərirdi".
2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov onu da bildirib ki, 2025-ci ildə pambıqçılıq üzrə ölkə tarixində rekord nəticə əldə olundu: bir hektardan 3,6 ton məhsul yığıldı. Bir çox bitkiçilik məhsulları üzrə məhsuldarlıq göstəriciləri artdı, lakin heyvandarlıq məhsulları üzrə isə göstəricilərimiz hələ də ürəkaçan halda deyil. Buna görə də cənab Prezident tərəfindən 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı qəbul edildi: "Həmçinin ixracat rəqəmlərinə də toxunmaq istəyirəm. 2025-ci il ixracat nöqteyi-nəzərindən aqrar sektor üçün uğurlu il oldu. Rekord həcmdə - 1,5 milyard dollarlıq məhsul ixracı həyata keçirildi. Bunun 1,1 milyard dolları məhz kənd təsərrüfatı sahəsində istehsal olunan məhsulların payına, 0,4 milyardı isə aqrar məhsullardan emal olunmuş yekun məhsulların payına düşür. İxracatda başqa bir müsbət dinamika isə odur ki, biz həm ixracat coğrafiyasının şaxələnməsini, həm də ixracat portfelində, məhsul portfelində genişlənməni müşahidə edirik. Əlbəttə ki, bunlar sevindiricidir. Amma hələ də görüləcək işlər var".
Nəticələrin ürəkaçan olması onu deməyə əsas veri ki, qarşıya qoyulan vəzifələr səmərəlli şəkildə yerinə yetirilir. Lakin bu nəticələrələ arxayınlaşmaq olmaz. Əksinə, yeni dövrün tələblərinə uyğun olaraq nailiyyətlər yenilənməlidir. Bunun üçün Azərbaycanımızın kifayət qədər potensialı da var. İşğaldan azad edilən ərazilərdə münbit torpaqların, axar suların olması ölkəmizdə kənd təsərrüfatının, balıqçılığın və akvakultura məhsullarının istehsalı və emalının genişlənməsinə imkan yaradır. Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə də müvafiq dövlət orqanlarının və yerli fermerlərin, eləcə də icra hakimiyyətlərinin qarşısına müvafiq vəzifələr qoyuldu.
Kənd təsərrüfatının inkişafına böyük təkan
Müşavirədə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir: "Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi. Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir".
Prezident çıxışında təəssüf hissi ilə qeyd etdi ki, buğda əmsalı artmır: "Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır. Digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü 95 faiz təmin edirik və idxal da çox cüzidir. Dənli paxlalar. Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik".
Müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində geniş işlərə başlanılıb
Prezident İlham Əliyevin müşavirədə proqram xarakterli çıxışı ilə müvafiq dövlət qurumlarının rəhbərlərinin, fermerlərin, sahibkarların üzərinə bir sıra vəzifələr qoymuş oldu. Artıq müşavirədə qarşıya qoyulan vəzifələrin və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nın yerinə yetirilməsi istiqamətin geniş işlərə başlanılıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovin Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə qeyd etdiyi kimi Dövlət Proqramının icrası ilə bağlı İcra hakimiyyətləri qarşısında yeni vəzifələr qoyulub. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov regional müşavirədə bildirdi ki, icra hakimiyyəti başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aqrar sahənin əsas istiqamətləri üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən etməli, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməlidirlər: "İcra başçıları yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, taxıl silolarının (taxıl siloları buğda, arpa və qarğıdalı kimi taxıl məhsullarının uzun müddət təhlükəsiz, quru və xarici təsirlərdən (yağış, istilik, zərərvericilər) qorunaraq saxlanılması üçün nəzərdə tutulmuş xüsusi anbar qurğularıdır - red.) və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə pambıqçılıq və taxılçılıqda məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün zəruri tədbirləri həyata keçirməlidirlər. Onlar yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən birinə çevirməli, bu işin təşkilatçıları qismində çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər".
"Özəl sektor aqrar inkişafın aparıcı qüvvəsinə çevrilməlidir"
Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov onu da bildirib ki, aparılan təbliğat işinin əsasını Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı təşkil etməlidir: "Şəhər və rayon icra hakimiyyətlərinin hər bir əməkdaşı, o cümlədən icra başçılarının ərazi nümayəndələri həmin çıxışı dərindən öyrənməli və təbliğat işlərini məhz bu istiqamətdə qurmalıdırlar. İcra başçıları bütün imkanları səfərbər etməklə sahibkarların və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün zəruri tədbirləri həyata keçirməlidirlər. Dövlət Proqramının icrası ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu sistemə daxil olan bütün qurumların üzərinə düşür".
Prezidentin köməkçisi qeyd edib ki, özəl sektor aqrar inkişafın aparıcı qüvvəsinə çevrilməlidir: "Prezident İlham Əliyevin dediyi kimi, özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. İnvestorları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər. Hesab edirik ki, aqrar sahədə fəaliyyət göstərən hər bir sahibkar cənab Prezidentin bu çağırışına qoşularaq ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılmasına öz töhfəsini verməlidir. İdxal olunan məhsulların ölkə daxilində istehsalının genişləndirilməsi və bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi bütün sahibkarlar üçün əsas vəzifələrdən biri olmalıdır. Dövlət Proqramının icrasında cənab Prezident tərəfindən özəl sektorun rolunun xüsusi vurğulanması bir daha göstərir ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, eləcə də texnologiya və müasir suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür. Beləliklə, qarşıdakı dövrdə özəl sektor yalnız istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər yaradır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir həlqəsinin zəifləməsi və ya qırılması istehsalda əldə olunan nəticələrin tam iqtisadi dəyərə çevrilməsinə mane olur".
İ.ƏLİYEV