“Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.

Onun sözlərinə görə, xüsusilə yeniyetmə və gənclər gün ərzində uzun müddət sosial media platformalarında vaxt keçirirlər: “Sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq və özünüifadə imkanları yaratdığı kimi, onlardan həddindən artıq istifadə psixoloji sağlamlıq baxımından müəyyən risklər də yarada bilər.
Psixoloji araşdırmalar göstərir ki, sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq istifadə yeniyetmə və gənclərdə narahatlıq, depressiv əlamətlər, özünəinamın azalması, emosional gərginlik və tənhalıq hissinin artması ilə əlaqələndirilə bilər. Bunun əsas səbəblərindən biri sosial müqayisə mexanizmidir. Gənclər sosial mediada başqalarının həyatının yalnız müsbət və uğurlu tərəflərini gördükləri üçün öz həyatlarını həmin görüntülərlə müqayisə edir və özlərini yetərsiz hiss edə bilirlər.
Digər mühüm məqam virtual təsdiq ehtiyacıdır. Bəyənmə, paylaşım və şərhlər vasitəsilə qəbul olunmaq istəyi zamanla insanın öz dəyərini xarici təsdiqlərlə ölçməsinə səbəb ola bilər. Bu isə emosional sabitliyə mənfi təsir göstərərək özünəinam problemlərini gücləndirə bilər.
Sosial şəbəkələrdən həddindən artıq istifadə yuxu rejiminin pozulmasına da səbəb olur. Xüsusilə gecə saatlarında ekran qarşısında uzun müddət qalmaq beynin istirahət prosesinə mənfi təsir göstərir, diqqət və yaddaş funksiyalarını zəiflədə bilər. Yuxu çatışmazlığı isə öz növbəsində emosional həssaslığı artırır və psixoloji rifahın azalmasına gətirib çıxarır.
Elmi tədqiqatlar göstərir ki, sosial mediadan istifadə müddətindən çox, istifadə formasının keyfiyyəti daha böyük əhəmiyyət daşıyır. Faydalı məlumat əldə etmək, öyrənmək və sağlam ünsiyyət qurmaq məqsədilə istifadə edilən sosial media daha az risk yaradır. Lakin passiv şəkildə saatlarla başqalarının həyatını izləmək və özünü onlarla müqayisə etmək psixoloji problemlərin yaranma ehtimalını artırır.
Bu təsirlərin qarşısını almaq üçün ilk növbədə rəqəmsal balansın qorunması vacibdir. Yeniyetmə və gənclər üçün sosial şəbəkələrdən istifadə müddətinin məhdudlaşdırılması, ailədaxili ünsiyyətin gücləndirilməsi, idman və digər sosial fəaliyyətlərə daha çox vaxt ayrılması tövsiyə olunur. Eyni zamanda valideynlərin və müəllimlərin gənclərlə açıq dialoq quraraq onlarda media savadlılığını formalaşdırması mühüm əhəmiyyət daşıyır.
Sağlam psixoloji mühitin qorunması üçün gənclərə sosial mediada gördükləri məzmunun hər zaman reallığı əks etdirmədiyi izah edilməli, onların özünüdəyər hissinin xarici təsdiqlərdən deyil, şəxsi nailiyyətlərindən, bacarıqlarından və real münasibətlərdən qaynaqlandığı aşılanmalıdır. Psixoloji dayanıqlığın gücləndirilməsi, emosional tənzimləmə bacarıqlarının inkişaf etdirilməsi və real sosial əlaqələrin təşviq olunması bu sahədə ən təsirli profilaktik tədbirlər hesab edilir".
Lətifə Abdıyeva