"Uğurlu karyera düzgün seçimdən başlayır" - EKSPERT DANIŞDI

23 İyun 2026 15:19 (UTC+04:00)

"Məktəb məzunlarının gələcək peşəsini seçməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri düzgün istiqamətləndirilmənin olmamasıdır. Bu prosesdə həm ailənin, həm də təhsil sisteminin rolu olduqca böyükdür".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, abituriyentlərin və ya 9-cu sinfi bitirən şagirdlərin ixtisas seçimi zamanı peşəkar məsləhət alması vacibdir:

"Müəllimlər və valideynlər uşağın maraqlarını, qabiliyyətlərini və akademik göstəricilərini nəzərə alaraq ona uyğun istiqamət verməlidirlər.

Təəssüf ki, bəzi hallarda valideynlər övladlarının imkanlarını deyil, öz arzu və istəklərini əsas götürürlər. Məsələn, biologiya və kimya fənlərində zəif nəticə göstərən bir şagirdin tibb sahəsinə yönləndirilməsi gələcəkdə həm təhsil, həm də karyera baxımından problemlərə səbəb ola bilər. Nəticədə şagird istəmədiyi və ya bacarıqlarına uyğun olmayan ixtisasda təhsil almağa məcbur qalır.

Bu gün məktəblərdə karyera istiqamətləndirilməsi ilə məşğul olan müəllimlər və mütəxəssislər fəaliyyət göstərirlər. Valideynlər belə mütəxəssislərin dəstəyindən istifadə etməli, uşağın potensialını düzgün qiymətləndirməlidirlər. Əgər müəllimin bu sahədə kifayət qədər təcrübəsi yoxdursa, valideynlərin peşəkar təhsil ekspertlərinə yönləndirilməsi daha məqsədəuyğundur.

Xaricdə təhsil alan tələbələr arasında da yanlış ixtisas seçiminin mənfi nəticələri müşahidə olunur. Bəzən Azərbaycanda yüksək nəticə göstərə bilməyən şagirdlər xarici ölkələrdə daha çətin ixtisaslara yönləndirilir və nəticədə təhsil prosesində ciddi çətinliklərlə üzləşirlər.

Buna görə də uşağın gələcək peşə istiqaməti mümkün qədər erkən, hətta 9-cu sinifdən etibarən müəyyənləşdirilməlidir. Şagirdin maraq göstərdiyi sahələr, güclü olduğu fənlər və gələcək arzuları nəzərə alınaraq seçim edilməlidir, çünki insanın sevmədiyi sahədə uğur qazanması daha çətindir.

Valideynlərə tövsiyə olunur ki, övladlarının gələcəyini planlaşdırarkən yalnız şəxsi istəklərinə deyil, uşağın potensialına və mütəxəssis rəylərinə əsaslansınlar. Düzgün seçilmiş ixtisas gələcək uğurlu karyeranın əsasını təşkil edir".