"Toplantı yeni investisiya imkanlarını gündəmə gətirdi" - MÖVQE

23 İyun 2026 15:13 (UTC+04:00)

"İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən toplantısı Azərbaycan ilə bu nüfuzlu maliyyə qurumu arasında əməkdaşlığın inkişafı baxımından mühüm hadisədir. Ümumiyyətlə, İslam bankçılığı prinsipləri müasir dövrdə ən mütərəqqi maliyyə modellərindən biri hesab olunur, çünki ənənəvi bank sistemlərindən fərqli olaraq, bu model müştərilərlə əməkdaşlıq və maliyyə münasibətlərində fərqli yanaşmalar təqdim edir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, məhz buna görə də İslam bankçılığı prinsipləri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də maraq və rəğbətlə qarşılanır: "Bu modelin Azərbaycanda daha geniş tətbiqi biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və maliyyə sektorunun şaxələndirilməsinə müsbət təsir göstərə bilər.

Toplantının Bakıda keçirilməsi Azərbaycan üçün yeni perspektivlər açan əhəmiyyətli hadisədir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də bu tədbirə xüsusi diqqət ayıraraq iştirakçılara müraciət edib. Həmin müraciətdə bank sektorunun inkişafı ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi və ortaq maraqların təşviqi məsələlərinə də toxunulub.

İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlıq Azərbaycan üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin beynəlxalq maliyyə institutları ilə əlaqələrinin güclənməsinə, İslam dünyası ilə münasibətlərinin daha da inkişaf etməsinə və yeni investisiya imkanlarının yaranmasına töhfə verir".