“Biz, Lənkəran rayonunun Sinovlu kənd sakinləri Sizə dərin hörmət və ehtiramımızı bildirir, ölkəmizin inkişafı və vətəndaşların rifahı naminə həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə səmimi minnətdarlığımızı ifadə edirik”. Bu sətirlər bir qrup kənd sakininin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubundandır.
Kənd sakinləri yazır: “Uzun illər ərzində kəndimizdə elektrik təsərrüfatının köhnəlməsi, elektrik dirəklərinin və naqillərinin yararsız vəziyyətdə olması sakinlər üçün ciddi narahatlıq yaradırdı. Xüsusilə əlverişsiz hava şəraitində elektrik enerjisinin verilişində yaranan problemlər gündəlik həyatımıza mənfi təsir göstərirdi. Böyük məmnunluq hissi ilə qeyd edirik ki, Sizin vətəndaşlara göstərdiyiniz diqqət və qayğının nəticəsi olaraq, “Azərişıq” ASC-nin Cənub Regional Enerji və Satış idarəsinin əməkdaşları tərəfindən kəndimizdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilmişdir. Köhnə və yararsız elektrik dirəkləri yeniləri ilə əvəz olunmuş, müasir elektrik xətləri və kabelləri çəkilmiş, nəticədə kəndimizin elektrik təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu nəcib addım dövlət vətəndaş birliyinin və sizin xalqın rifahına göstərdiyiniz xüsusi diqqətin bariz nümunəsidir.
Bu işlər Sinovlu kəndinin sakinləri tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır. Həyata keçirilən tədbirlər kəndimizə sanki yeni bir işıq, yeni bir nəfəs gətirmiş, uzun illər bizi narahat edən problemləri aradan qaldırmışdır.
Buna görə də, Sinovlu kənd sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildirir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Eyni zamanda, görülən işlərin yüksək səviyyədə icrasına görə “Azərişıq” ASC-nin rəhbərliyinə də dərin minnətdarlığımızı ifadə edirik.
Allah Sizi qorusun, dövlətimizi və xalqımızı daim firavan etsin!”.
Kənd sakinləri adından dərin hörmət və ehtiramla:
Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist
Lənkəran rayonu, Sinovlu kəndi