Boliviya Prezidenti blokada böhranı ilə bağlı fövqəladə vəziyyət elan edib

23 İyun 2026 12:45 (UTC+04:00)

Boliviya Prezidenti Rodriqo Pas ölkədə genişmiqyaslı yol blokadaları və etirazlar səbəbindən fövqəladə vəziyyət elan edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərar, ölkə boyunca xüsusilə paytaxt La Paz istiqamətində ərzaq, yanacaq və tibbi ləvazimat çatışmazlığına səbəb olan uzunmüddətli etiraz dalğası fonunda qəbul olunub.

Rəsmi məlumatlara görə, etirazlar hökumətin həyata keçirdiyi iqtisadi islahatlar və xüsusilə yanacaq subsidiyalarının ləğvi ilə bağlı narazılıqlardan sonra başlayıb və son həftələrdə ölkəni iflic vəziyyətinə salıb. Blokadalar əsas magistral yolları bağlayaraq nəqliyyatın və təchizatın hərəkətini dayandırıb.

Prezident Pas bildirib ki, blokadalar artıq sadəcə etiraz forması deyil, dövlətin sabitliyini pozmağa yönəlmiş təşkilatlanmış hərəkətlərdir. Onun sözlərinə görə, fövqəladə vəziyyətin məqsədi əhalinin hərəkət azadlığını bərpa etmək və ölkədə əsas xidmətlərin fəaliyyətini təmin etməkdir.

Qərara əsasən, silahlı qüvvələr polisə dəstək göstərərək yolların açılması, ictimai asayişin bərpası və strateji ərazilərin qorunması prosesinə cəlb olunur. Hökumət həmçinin etirazların davam edəcəyi təqdirdə hüquqi tədbirlərin sərtləşdiriləcəyini açıqlayıb.

Böhran nəticəsində ölkədə son həftələr ərzində ciddi iqtisadi və sosial çətinliklər yaranıb, bir sıra regionlarda yanacaq qıtlığı və səhiyyə xidmətlərinə çıxışda problemlər qeydə alınıb.

Hökumət fövqəladə vəziyyətin 90 gün müddətində qüvvədə olacağını, lakin vəziyyət sabitləşərsə, daha tez ləğv edilə biləcəyini bildirib.

Lətifə Abdıyeva