"İki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir" - POLİTOLOQ DANIŞDI

23 İyun 2026 12:34 (UTC+04:00)

"İşğaldan azad olunmuş ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren əraziləridir. Bu torpaqlar işğaldan azad olunduqdan sonra həmin ərazilərdə böyük işlər görülmüşdür. Beynəlxalq hava limanları inşa olunmuş, geniş infrastruktur layihələri icra edilmişdir. Məhz yaradılmış bu yüksək şərait xarici ölkələrin dövlət başçılarının birbaşa işğaldan azad olunmuş ərazilərə təyyarələrlə səfər etməsinə imkan verir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu baxımdan, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Füzuli Hava Limanına eniş etməsi və dövlət başçısı tərəfindən qarşılanması tarixi hadisədir. Həm də bu, iki ölkə arasındakı dostluq və qardaşlığın nümayişidir. Təkcə Füzuliyə deyil, Türkmənistan Prezidentinin Şuşaya səfəri də xüsusi əhəmiyyət kəsb edir:

"Bu səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə, yeni infrastruktur layihələri ilə, o cümlədən Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi kimi rolu və burada yaradılmış şəraitlə tanış olması türk yurduna qardaş gözlərlə olan baxışdır.

Füzuli şəhərində dağıdılmış ərazilərə də baxışın keçirilməsi törədilən əməllərin yerində göstərilməsidir. Dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri bu ərazilərin beynəlxalq səviyyədə tanınmasının bir göstəricisidir.
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Yəni, Türkmənistan qardaş ölkə kimi işğaldan azad olunmuş ərazilərə məscid kompleksi hədiyyə edib və hazırda həmin kompleksdə tikinti işləri davam etdirilir.

Səfər Sərdar Berdiməhəmmədovun Azərbaycana ilk səfəridir. Bu səfər çərçivəsində Bakıda yüksək səviyyəli qəbul keçirildi. Dövlət başçıları əvvəl təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirdilər. Nəticədə 12 sənədin imzalanması baş tutdu. Səfər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Bu münasibətlərin həm siyasi, həm iqtisadi, həm də hüquqi çəkisi var və bunları bir-birindən ayırmaq olmaz. Çünki dövlət başçılarının səsləndirdikləri bəyanatlar ölkələrarası münasibətlərin təzahürüdür və gələcək dövrdə əməkdaşlıq etmək niyyətlərinin ifadəsidir.

Azərbaycan və Türkmənistan arasında ümumilikdə 120 sənəd imzalanıb. 2017-ci ildə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb və münasibətlərimiz həmin sənədin ruhuna uyğun şəkildə inkişaf edir. Əlavə olaraq imzalanmış 12 sənəd də ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Burada fərqli sahələr əhatə olunub – kənd təsərrüfatı, təhsil sahəsi və hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi istiqamətləri. Dövlət başçılarının görüşü çərçivəsində hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı tapşırıqlar da verilib. Komissiyanın yaxın aylarda görüşməsi gözlənilir və orada iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı, xüsusilə iqtisadi sahədə potensialın üzə çıxarılması məsələləri müzakirə olunacaq.

Türkmənistan Azərbaycana yad ölkə deyil. Mərkəzi Asiyada dil, din, soy-kök və ortaq tarix baxımından Azərbaycana ən yaxın xalqlardan biri türkmən xalqıdır. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsi xalqlar arasında əlaqələrin daha da yaxınlaşmasına və tarixi ənənələrin inkişafına imkan verəcəkdir.

Türkmənistan dünyanın böyük qaz ehtiyatlarına sahib olan ölkələr sırasındadır. Gələcəkdə Türkmənistan qazının Azərbaycan üzərindən nəql olunması məsələsi aktuallaşa bilər.
Qazdan əvvəl isə əməkdaşlıq əsasən tranzit, nəqliyyat və logistika layihələri üzrədir.

Faktiki olaraq Azərbaycan üzərindən daşınan yüklərin həcmində artım müşahidə olunur. Türkmənbaşı limanından Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yük daşımalarında da ciddi artım qeydə alınıb. Bu, Çin, Qazaxıstan, Özbəkistan və Türkmənistandan Azərbaycana, oradan isə Avropaya daşınan yüklərin həcminin artması ilə bağlıdır.

Bundan əlavə, yaşıl dəhlizin yaradılması istiqamətində birgə layihələr üzərində iş aparılır. Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında həm yaşıl enerji dəhlizinin yaradılması, həm də müvafiq infrastruktur layihələri ilə bağlı müzakirələr davam edir.

Türkmənistan böyük qaz resurslarına malik ölkədir və qazın ixracı üçün yeni marşrutlara ehtiyac var. Uzun illər Türkmənistan qazının əsas ixrac marşrutu Rusiya üzərindən keçib. Son dövrlərdə geosiyasi dəyişikliklər və sanksiyalar həmin marşrut üzrə müəyyən məhdudiyyətlər yaradıb. Bu baxımdan Türkmənistan öz qazını əsasən Çinə ixrac edir. Lakin alternativlərin məhdudluğu rəqabətli bazarın formalaşmasına mane olur. Ölkələrin alternativ marşrut axtarması reallıqdan doğan zərurətdir.

Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi Türkmənistan üçün yeni imkanlar yarada bilər. Azərbaycan artıq İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizini inşa edib və öz təbii qazını Avropaya ixrac edir. Türkmənistan da gələcəkdə bu sistemə qoşulmaq imkanı əldə edə bilər.

Türkmənistanla Azərbaycan arasında Xəzər dənizində yerləşən yataq üzrə ziddiyətli məqamlar mövcud olub. Həmin yataq sonradan “Dostluq” yatağı adlandırılaraq mübahisə öz həllini tapıb və tərəflər onun birgə işlənməsi barədə razılığa gəliblər.

Məhz bu yatağın “Dostluq” adlandırılması Azərbaycan və Türkmənistan arasında mübahisəli məsələlərin aradan qalxdığını göstərir. Bu adın özü də iki ölkə arasındakı münasibətlərin mahiyyətini əks etdirir. “Dostluq”tankeri də həm siyasi, həm iqtisadi, həm də ideoloji baxımdan eyni mahiyyəti daşıyır.

Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrini sistemli şəkildə gücləndirir. Xəzər dənizi ölkələri ayıran deyil, əksinə birləşdirən amildir. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Avropaya çıxış yoludur və bu baxımdan mühüm körpü rolunu oynayır.

Azərbaycanın həyata keçirdiyi nəqliyyat-logistika layihələri Mərkəzi Asiya ölkələri üçün Qara dənizə və Aralıq dənizinə çıxış imkanları yaradır. Bu isə həmin ölkələrin məhsullarının beynəlxalq bazarlara çıxarılmasına şərait yaradır.

Nəticə etibarilə, Sərdar Berdiməhəmmədovun Azərbaycana ilk dövlət səfəri, imzalanmış sənədlər və işğaldan azad olunmuş ərazilərə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan-Türkmənistan əlaqələri artıq yeni inkişaf dövrünü yaşayır".