"Azərbaycanda demək olar ki, hər sahədə müxtəlif növ çirklənmələr mövcuddur. Son günlər Xəzər dənizinin geniş ərazilərində neft çirklənməsi ilə bağlı məlumatlar yayılır və bu çirklənmənin hər gün yeni ərazilərə yayıldığı bildirilir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, ekoloji tarazlığın pozulmasına təmizləyici qurğuların olmaması və ya köhnəlməsi, antropogen amillər, ekoloji mədəniyyətin aşağı səviyyədə olması, tranzit çirklənmə və su axınının azalması kimi bir sıra amillər səbəb olur:
"Bir çox şəhər və rayonlarda məişət və kommunal çirkab sularını təmizləyən müasir qurğular olmadığı üçün həmin sular birbaşa çaylara axıdılır. Çay kənarlarında fəaliyyət göstərən iaşə obyektləri, o cümlədən restoranlar və istirahət mərkəzləri, eləcə də yerli sakinlər plastik qabları və digər məişət tullantılarını birbaşa suya və ya sahilə atırlar. Sellər və yağışlar isə bu tullantıları daxili su hövzələrinə daşıyır.
Azərbaycanın yerüstü su ehtiyatlarının 65 faizdən çoxu qonşu ölkələrdən – Gürcüstan və Ermənistandan gəlir. Gürcüstandan Kür çayına, Ermənistandan isə Araz və Oxçuçaya təmizlənmədən axıdılan iri həcmli kommunal-məişət və sənaye tullantıları ölkəmizə daxil olduqda artıq yüksək toksikliyə malik olur.
İqlim dəyişikliyinin də su axınına təsiri var. Suyun həddindən artıq suvarmaya sərf olunması çayların özünü təmizləmə qabiliyyətini zəiflədir. Bu isə məişət çirklənməsinin konsentrasiyasını daha da artırır.
Çirklənmələr nəticəsində su hövzələrində biogen maddələrin və zərərli birləşmələrin, o cümlədən fenolun, misin və digər ağır metalların miqdarı normadan dəfələrlə artıq olur. Bu vəziyyət suda oksigenin azalmasına, balıqların və digər canlıların kütləvi məhvinə, fauna və floranın deqradasiyasına səbəb olur. Həmin sulardan suvarma məqsədilə istifadə edildikdə isə torpağın şorlaşması və zəhərlənməsi prosesi sürətlənir.
Məişət tullantıları ilə çirklənmə təkcə Bakı şəhərinin mərkəzi hissəsindən başqa demək olar ki, hər yerdə müşahidə olunur. Şəhərin mərkəzi mütəmadi olaraq təmizlənir və tullantılar utilizasiya üçün zavodlara göndərilir. Digər ərazilərdə isə mütləq hansısa problem mövcuddur.
Azərbaycanda su hövzələrinin çirklənməsi probleminə gəldikdə, məişət və kommunal tullantılarla ən çox çirklənən bölgələr Kür və Araz çaylarının keçdiyi rayonlar, Abşeron yarımadası, Bakı və Sumqayıt sahilləri, eləcə də Qəbələ, İsmayıllı və Göyçay kimi turizm zonalarındakı yerli çay hövzələridir.
Bu ərazilərdə ekoloji tarazlığın pozulmasının əsas səbəbləri mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin və təmizləyici qurğuların olmaması, həmçinin əhalinin və turistlərin tullantıları birbaşa su obyektlərinə atmasıdır. Bundan başqa, tranzit çaylar vasitəsilə qonşu ölkələrdən daxil olan çirklənmələr də mühüm rol oynayır".
Ekoloq qeyd edib ki, xüsusi ekoloji böhran yaşayan ərazilərdən biri kimi Zəngilan rayonu və Oxçuçay hövzəsini göstərmək olar:
"Burada ekoloji tarazlığın pozulmasına səbəb olan əsas amillər transsərhəd çirklənmə və sənaye tullantılarının birbaşa çaya axıdılmasıdır.
Su hövzələrinin çirklənməsinin əsas səbəblərindən biri də köhnəlmiş kanalizasiya sistemləri və kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrdir.
Çirklənmiş ərazilər sırasında yenə də Abşeron yarımadası, Bakı-Sumqayıt zonasında yerləşən göllər və Xəzər dənizinin sahilyanı əraziləri xüsusi yer tutur. Bu ərazilərdə çirklənmə həm tarixi, həm də müasir neft-qaz hasilatı tullantıları, sənaye müəssisələrinin toksik axıntıları və məişət-kanalizasiya sularının yaxınlıqdakı göllərə axıdılması nəticəsində yaranır.
Göllərin sahillərində yerləşən bəzi sənaye müəssisələrinin tullantı sularının təmizlənmədən bu göllərə axıdılması vəziyyəti daha da ağırlaşdırır. Elə buna görə də bəzi göllər, məsələn, Daşgil gölü ağır ekoloji durumla üz-üzə qalıb.
Daşgil gölü Abşeron yarımadasında, Müşviqabad və Aşağı Güzdək qəsəbələri arasında yerləşən relikt mənşəli qapalı su hövzəsidir. Yüksək duzluluq dərəcəsinə malik olan bu göl həm təbii xüsusiyyətləri, həm də insan amilinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə qarşılaşır.
Baxmayaraq ki, Bakı şəhərinin 13 kəndinə xidmət göstərmək məqsədilə Pirşağı qəsəbəsində “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” tikilib, bu obyekt hələ də tam istismara verilməyib. Qurğunun tikintisinə 2016-cı ildə başlanılıb, 2022-ci ildə isə “Azərsu” ASC-yə təhvil verilib.
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” 4,2 hektar ərazini əhatə edir və burada sutkada 260 min kubmetr ötürmə gücünə malik nasos stansiyası quraşdırılıb. Mən həmin müəssisədə olmuşam. Obyekt Xəzər dənizinin sahilində yerləşir. Təəssüf ki, xidmət göstərməli olduğu 13 kənddə kanalizasiya şəbəkələrinin tam formalaşmaması səbəbindən qurğu hələ də nəzərdə tutulduğu səviyyədə fəaliyyət göstərmir.
Bölgələrdə isə vəziyyət daha ağırdır. Təkcə çayların sahilləri deyil, kanalların və arxların ətrafı da məişət tullantıları ilə örtülüb. Bəzi yaşayış məntəqələrinə və kəndlərə gedərkən yolboyu tullantı yığınları ilə rastlaşmaq mümkündür. Mən konkret ad çəkmək istəmirəm, lakin gördüyüm ərazilərin əksəriyyətində vəziyyət bu cürdür.
Hər kəs əhalini günahlandırır. Ancaq çox vaxt bir sual unudulur: insanlar bu tullantıları hara atmalıdırlar? Bir çox yerlərdə zibil poliqonları yoxdur. Tullantılar vaxtında toplanmır və daşınmır. Əgər bu xidmətlər lazımi səviyyədə təşkil olunsa, əhalinin də qaydalara daha çox əməl edəcəyinə inanıram.
Kür və Araz çaylarına gəldikdə isə, onların hövzələri əsasən Gürcüstan və Ermənistan ərazilərindən gələn transsərhəd çirklənmələrə məruz qalır. Tbilisi və Rustavi kimi iri şəhərlərin tam təmizlənməyən tullantı suları bu çaylar vasitəsilə ölkəmizə daxil olur.
Kür çayı Xəzər dənizinə çatana qədər keçdiyi yaşayış məntəqələrində də əlavə məişət tullantıları ilə çirklənir. Kürün suyu minerallarla zəngindir. Biz bu sudan həm içməli su kimi, həm də kənd təsərrüfatında istifadə edirik. Bu su həyat mənbəyimizdir. Lakin çirklənmə səbəbindən onun keyfiyyəti ciddi şəkildə aşağı düşür.
Mən Gürcüstanda, Tbilisini içməli su ilə təmin edən dağlıq ərazilərdə olmuşam. Oradakı su anbarları olduqca təmiz və şəffafdır. Həmin sudan içməli su kimi istifadə olunur. Lakin kanalizasiya sularının əhəmiyyətli hissəsi Kür çayına axıdılır və nəticədə bu su sonradan ölkəmizə daxil olur.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden kombinatı və Qafan dağ-mədən müəssisələrinin ağır metallarla zəngin sənaye tullantılarının təmizlənmədən çaylara axıdılması da ciddi ekoloji problemlər yaradır.
Ən böyük problemlərdən biri isə ondan ibarətdir ki, müxtəlif layihələr üçün maliyyə vəsaitləri ayrılsa da, bir çox hallarda problem ya tam həll olunmur, ya da görülən işlər lazımi keyfiyyət səviyyəsində olmur".