Qaz qiymətləri qalxacaq? - EKSPERT AÇIQLADI

22 İyun 2026 16:59 (UTC+04:00)

ABŞ-ın Nyu-York Əmtəə Birjasında (NYMEX) təbii qazın qiymətinin bahalaşması qlobal enerji bazarlarında diqqətlə izlənilən proseslərdən biridir. Bu artımın Azərbaycanın qaz sektoruna birbaşa təsiri məhdud olsa da, müəyyən iqtisadi nəticələr doğura bilər.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan qazının ixracı əsasən Avropa bazarına yönəlib və uzunmüddətli müqavilələr əsasında həyata keçirilir:

“Həmin müqavilələrdə qiymətlər adətən neftin dəyərinə və ya müxtəlif enerji indekslərinə bağlı şəkildə müəyyən edilir. Bu səbəbdən NYMEX-də təbii qazın bahalaşması Azərbaycan qazının satış qiymətlərində dərhal dəyişiklik yaratmır. ABŞ bazarında qiymət artımı qlobal qaz bazarındakı ümumi tendensiyalara təsir göstərə bilər. Dünyada qazın bahalaşması tələb və təklif balansını dəyişir, enerji təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırır və alternativ enerji mənbələrinə marağı artırır. Belə şəraitdə Azərbaycan qazına tələbatın yüksəlməsi mümkündür. Qlobal qaz qiymətlərinin yüksək səviyyədə qalması Azərbaycanın gələcəkdə bağlayacağı ixrac müqavilələrində daha əlverişli şərtlər əldə etməsinə imkan yarada bilər.

Qiymətlərin sürətlə dəyişməsi enerji layihələri üzrə investisiya qərarlarının qəbulunu çətinləşdirə bilər. Bu isə həm yeni layihələrin reallaşdırılmasına, həm də uzunmüddətli planlaşdırma prosesinə mənfi təsir göstərə bilən amillərdəndir.

Beləliklə, NYMEX-də təbii qazın qiymətinin artması Azərbaycanın qaz sektoruna dərhal təsir etməsə də, qlobal enerji bazarındakı ümumi qiymət dinamikası ölkənin ixrac imkanları, gələcək müqavilələri və investisiya perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır”.