Konstitusiya Məhkəməsi fiziki şəxslər arasında borc müqavilələri ilə bağlı qərarında bildirib ki, qanunvericiliyə dəyişiklik edilənədək belə müqavilələrin və onların şərtlərinin müxtəlif yazılı sübutlarla təsdiqlənməsi mümkün olmalıdır. Yeni qərarlar hansı dəyişikliklərə səbəb ola bilər?
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov SİA-ya açıqlamasında bildirib ki, tərəflər arasında müqavilə həm yazılı, həm də şifahi formada bağlana bilər və çox vaxt insanlarımız bunu bilmirlər:
"Halbuki onlar hər gün şifahi müqavilələr bağlayırlar. Məsələn, hansısa mağazadan alış-veriş edəndə şifahi alqı-satqı müqaviləsi bağlayırlar. Onlar ictimai nəqliyyatdan, taksidən və ya metrodan istifadə edəndə də şifahi şəkildə nəqliyyat müqaviləsi bağlayırlar. Həmin müqaviləni təsdiq edən sənəd isə sadəcə çek və ya biletdir. Amma müqavilənin şərtləri ayrıca heç bir yerdə göstərilmir.
Eyni qaydada borc müqaviləsi də həm yazılı, həm də şifahi formada bağlana bilər. Kommersiya hüquqi şəxsləri arasında, yaxud kommersiya hüquqi şəxsi ilə vətəndaş arasında isə belə müqavilələrin şifahi formada bağlanması mümkün deyil. Amma fiziki şəxslər arasında borc müqaviləsi şifahi şəkildə bağlana bilər.
Mülki Məcəllənin 739-cu maddəsində göstərilir ki, fiziki şəxslər arasında bağlanan borc müqaviləsinin məbləği 3 000 manatdan çox olduqda həmin müqavilə yazılı formada bağlanmalıdır. Son dövrlərdə bu məsələ məhkəmə təcrübəsində müəyyən problemlərə səbəb olmuşdu. Bəzi hakimlər hesab edirdilər ki, əgər 3 000 manatdan artıq məbləğdə borc müqaviləsi şifahi şəkildə bağlanıbsa, belə müqavilə etibarsız sayılmalıdır. Lakin bu yanaşma düzgün deyil. Tutaq ki, şəxs pulu verib və bunu başqa vasitələrlə sübut edə bilir. Məsələn, tərəflər arasında müqavilə olmasa da, telefon və ya WhatsApp yazışmaları, audio qeydlər və digər sübutlar mövcuddur. Bu halda borcun verilməsi faktı sübuta yetirilə bilər.
Ali Məhkəmənin 16 iyun 2026-cı il tarixli qərarında da mövqe belədir ki, 3 000 manat həddi müqavilənin etibarlılığına deyil, onun sübut edilməsinə aiddir. Yəni 3 min manatdan artıq məbləğdə borc verilərkən də şifahi müqavilə bağlana bilər. Sadəcə, belə hallarda borcun mövcudluğu şahid ifadələri ilə deyil, digər sübutlarla təsdiqlənməlidir. Başqa sözlə, kimsə gəlib yalnız şahid ifadəsinə əsaslanaraq “mən şahidəm ki, filankəs filankəsdən 10 000 manat borc alıb” deyə bilməz. Yazılı və ya digər etibarlı sübutlar olmalıdır. Məsələn, WhatsApp yazışmaları, audio qeydlər və ya həmin şəxsin borcu etiraf etməsi belə sübutlar hesab edilə bilər.
Mən hesab edirəm ki, Ali Məhkəmənin bu qərarı tamamilə düzgündür. Çünki praktikada vətəndaşlar qohumlarına, qonşularına və ya tanışlarına 5 min, 10 min manat, bəzən isə daha artıq məbləğdə borc verərkən çox vaxt yazılı müqavilə bağlamırlar.
3 min manatdan aşağı məbləğlərə gəldikdə isə vəziyyət fərqlidir. Belə hallarda şahid ifadələri də sübut kimi qəbul oluna bilər. Məsələn, mən 3 min manatdan az məbləğdə borc vermişəmsə və bunu görən dost və ya tanış məhkəmədə ifadə verirsə, həmin şahid ifadəsi nəzərə alına bilər.
Amma 3 min manatdan yuxarı məbləğlərdə yalnız şahid ifadələri kifayət etmir. Çünki əks halda insanlar bir-birinin xeyrinə əsassız şahidlik edə və istənilən məbləğdə borc münasibətinin mövcud olduğunu iddia edə bilərlər. Məhz buna görə qanunvericilik bu hallarda daha etibarlı sübutların təqdim edilməsini tələb edir".