Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən istefa verdiyini açıqlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Starmer bildirib ki, sentyabr ayında parlament yenidən fəaliyyətə başlayana qədər yeni lider seçiləcək və həmin vaxta qədər o, baş nazir vəzifəsini icra etməyə davam edəcək.
İşçi Partiyasının lideri qeyd edib ki, partiya liderliyi uğrunda yarışa namizədlərin müraciətləri iyulun 9-dan qəbul olunacaq. Seçki təqvimi isə Milli Seçki Komitəsi tərəfindən müəyyənləşdiriləcək.
İngiltərə siyasətindəki qeyri-sabitliyə son qoyacağı vədi ilə böyük seçki qələbəsi qazandıqdan iki ildən az müddət sonra istefa qərarı verən Starmer, özündən sonra rəhbərliyə gələcək şəxsi dəstəkləyəcəyini bildirib.
Starmer açıqlamasında deyib: “Bu gün məsələ İşçi Partiyasını hakimiyyətə gətirəcək və milyonlarla insanın həyatını yaxşılaşdırmağa yönəlmiş mühüm işləri həyata keçirəcək ən uyğun şəxsin kim olması deyil.
Bu suallar artıq cavablandırılıb. Partiyamın hazırda verdiyi sual isə mənim növbəti ümumi seçkilərdə partiyaya rəhbərlik etmək üçün ən uyğun şəxs olub-olmamağımdır.
Parlament fraksiyamızın bu suala verdiyi cavabı eşitdim və hörmətlə qəbul edirəm. Verdiyim bütün qərarlarda ölkəmin maraqlarını hər şeydən üstün tutmuşam. Buna görə də İşçi Partiyasının lideri vəzifəsindən istefa verirəm. Bu qərarımı bu səhər Əlahəzrət Krala da bildirmişəm.”
Starmer cümə günü mümkün liderlik yarışında yenidən namizəd ola biləcəyini desə də, həftəsonu mövqeyini dəyişib.
Partiya daxilində ona qarşı narazılığın artmasına may ayında keçirilən yerli seçkilərdəki uğursuz nəticələr, Cefri Epşteynlə əlaqələri səbəbindən müzakirələrə səbəb olan Piter Mendelsonun Vaşinqtona səfir təyin edilməsi və həyat bahalılığı probleminin həll olunmaması təsir göstərib.
İşçi Partiyasının bir sıra üzvləri və hökumət nümayəndələri Starmerin yerinə Mançesterin keçmiş meri Endi Börnhemin gətirilməsini dəstəkləyirlər.
Börnhem iyunun 18-də Makerfild seçki dairəsində keçirilən aralıq seçkilərdə səslərin 55 faizini qazanaraq qalib gəlib və ən yaxın rəqibi olan miqrasiya əleyhdarı Reform UK Partiyasının namizədini təxminən 20 faiz bəndi qabaqlayıb.
Starmerin istefasından sonra Reform UK Partiyasının lideri Naycel Farac növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırış edib. Brexitin əsas tərəfdarlarından biri kimi tanınan Faracın son sorğularda dəstəyini artırdığı bildirilir.
Lətifə Abdıyeva