ABŞ-İran görüşləri neft qiymətlərini aşağı saldı

22 İyun 2026 15:11 (UTC+04:00)

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən, təxminən 18 saat davam edən ABŞ-İran danışıqlarının ilk mərhələsindən gələn müsbət mesajlar qlobal maliyyə bazarlarında rahatlama yaradıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bürgenstok şəhərində baş tutan görüşlərdən sonra vasitəçi ölkələr olan Qətər və Pakistan danışıqlarda "ümidverici irəliləyiş" əldə olunduğunu açıqlayıblar. Bildirilib ki, tərəflər Hörmüz boğazının təhlükəsizliyi, Livanda atəşkəsin qorunması və İranın dondurulmuş aktivləri kimi mühüm məsələlərdə müəyyən irəliləyişə nail olublar.

Danışıqlar zamanı İran nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampın sərt bəyanatlarına etiraz etdiyi barədə məlumatlar yayılsa da, müzakirələrin davam etdiyi və tərəflərin 60 gün ərzində yekun razılaşmaya nail olunmasını nəzərdə tutan yol xəritəsi üzərində razılıq əldə etdiyi bildirilib.

Müzakirələrdə irəliləyiş əldə olunmasına dair xəbərlərdən sonra dünya bazarlarında neftin qiymətində enmə müşahidə olunub. Brent markalı neft gün ərzindəki artımını itirərək 0,4 faiz ucuzlaşıb və bir barelin qiyməti 79,37 dollara düşüb. ABŞ-ın WTI markalı xam nefti isə 1,2 faiz bahalaşaraq 77,52 dollardan ticarət olunub. Bununla belə, hər iki göstərici bölgədəki gərginliyin pik həddə çatdığı dövrdə qeydə alınan səviyyələrdən aşağı qalır.

Ekspertlərin fikrincə, danışıqların uğursuzluğa düçar olacağı və regiondakı gərginliyin enerji təchizatına mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqların azalması qiymətlərə təsir edən əsas amillərdən biridir.

ABŞ və İran arasında aparılan danışıqlardan gələn müsbət xəbərlər fond bazarlarında satış təzyiqini də zəiflədib. S&P 500 fyuçers indeksi əvvəlki itkilərinin bir hissəsini bərpa etsə də, 0,2 faiz enişlə ticarət olunub. Nasdaq fyuçers indeksi isə 0,3 faiz geriləyib.

Avropa bazarlarında Euro Stoxx 50 fyuçers indeksi 0,1 faiz azalıb, Almaniyanın DAX fyuçers indeksi isə demək olar ki, dəyişməz qalıb. Böyük Britaniyanın FTSE fyuçers indeksi isə 0,1 faiz artım göstərib.

Lətifə Abdıyeva